AZ

Azərbaycan - Somali əməkdaşlığı ortaq maraqlara əsaslanır



Azərbaycanın xarici siyasət konsepsiyası çoxtərəflilik prinsipinə əsaslanmaqla hər zaman yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsini prioritet olaraq qəbul edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, daima dünyanın fərqli bölgələrində yerləşən dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Somali ilə münasibətlər də bu kontekstdən dəyərləndirdikdə kifayət qədər önəmli xarakter daşıyır. İkitərəfli münasibətlərin tarixinə nəzər yetirdikdə, 2004-cü ildən etibarən qarşılıqlı əməkdaşlıq imkanlarının artdığını və əlaqələrin daha da möhkəmləndiyini deyə bilərik. Somali Federativ Respublikasının prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri çərçivəsində cənab Prezident İlham Əliyevlə ikitərəfli və çoxtərəfli formatda keçirilmiş görüşlər zamanı müzakirə olunan məsələlər və verilən bəyanatlar qarşılıqlı əməkdaşlığın gələcək yol xəritəsini müəyyən edən önəmli mesajlardır. Xüsusilə də, yaşıl enerji, neft-qaz sənayesi, kənd təsərrüfatı, təhsil və bir çox strateji önəm daşıyan sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları yenidən nəzərdən keçirilə bilər. Nəticə etibarilə, həm təşkilatlar, həm də ikitərəfli əlaqələr çərçivəsində Azərbaycan-Somali münasibətlərinin dinamik mərhələdə olduğunu aydın şəkildə ifadə edə bilərik.
Dövlətlər arasında bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, “yaşıl” enerji, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir.
Somali Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən ölkələrdən biridir. Bundan əlavə, Somali –Türkiyə münasibətləri Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edir, çünki Türkiyə Azərbaycan üçün strateji tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında mühüm rol oynayır.
Uzun illər müstəmləkəçilikdən əziyyət çəkmiş bu qitə bu gün də bəzi hallarda iqtisadi və siyasi asılılıqdan qurtulmaq üçün mübarizə aparır. Bununla yanaşı, sürətli urbanizasiya, texnologiya və infrastruktur sahələrində inkişaf Afrikanın dünya iqtisadiyyatında daha böyük rol oynamağa başlamasına imkan yaradır.
Bütün bunlar barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən görüşlərdə, mətbuata bəyanatlarda ətraflı bəhs edilib. Eyni zamanda, Somali rəhbərinin respublikamıza rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində bir ilk olduğu, bununla sıx dostluq münasibətlərində yeni səhifə açıldığı vurğulanıb.
Azərbaycan liderinin bəyanatında iki ölkə arasında mühüm önəm daşıyan bir sıra məqamlar diqqətə çatdırılıb, imzalanmış sənədlərin ikitərəfli əlaqələri bir çox sahələrdə inkişaf etdirməkdə əhəmiyyətli rol oynayacağına əminlik ifadə olunub. Dövlət başçılarının görüşlərində regionlarımızda mövcud geosiyasi vəziyyət, ölkələrimizin üzləşdiyi çağırışlar geniş şəkildə müzakirə edilib, ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək məsələləri, eləcə də terrorçuluğa və ekstremizmə qarşı birgə mübarizə tədbirləri barədə ətraflı danışılıb.
Prezidentlərin görüşlərində Somalidə sərmayə imkanları da müzakirə edilib və ölkələr arasında müdafiə əməkdaşlığının mühüm sahələrdən biri olduğu bildirilib. Eyni zamanda, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaratması diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin bəyanatında həmin avadanlığın həm ölkəmiz üçün mühüm əhəmiyyətə malik olduğu, həm də respublikamıza 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanı verdiyi qeyd edilib: “İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi... Düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır”.
Görüşlərdə iki ölkənin dövlət xidmətləri sahəsində işbirliyinin əhəmiyyəti də vurğulanıb və imzalanmış razılaşmalardan biri məhz həmin sahəni – Azərbaycanda artıq uğurla işləyən ASAN dövlət xidmətləri sistemini əhatə edib. Bildirilib ki, bu sistem bir çox beynəlxalq mükafatlara layiq görülüb. Dövlətimizin başçısının sözləri ilə desək, ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır.
Səfər zamanı hər iki ölkənin tərəfdaşlığında beynəlxalq təsisatlarda qarşılıqlı dəstəyin mövcudluğu yüksək qiymətləndirilib. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda hər iki ölkənin dəstəyinin birmənalı olaraq davam etdirəcəyinə əminlik ifadə olunub

Səlim Məmmədov,
Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta məktəbin direktoru



Seçilən
19
6
aia.az

7Mənbələr