“Çin Ukraynanı öz tərəfinə çəkərək oyun qurmağa cəhd edə bilər” — RƏY
Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşündə bildirib ki, Çin hakimiyyəti Ukrayna ilə əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı fəaliyyət potensialını görməyə hazırdır.
"Çin xoşagəlməz amilləri aradan qaldırmaq, ikitərəfli münasibətləri və əməkdaşlığı inkişaf etdirmək üçün Ukrayna tərəfi ilə işləməyə hazırdır".
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Çin tərəflər arasında statistik tərəfdaşlıq var, amma Çinlə Rusiyanın əlaqələri daha yaxşıdır:
“Çin Rusiyanın təmsil olunduğu Şərq blokuna daxildir, yəni, hansı ki, bu blokda İran, Rusiya, Şimali Koreya var və eyni zamanda Çin var. Düşünmürəm ki, bundan sonra Çin, Ukrayna münasibətlərində bir ciddi dəyişiklik olsun. Ona görə ki, bu həm də Çin, Rusiya münasibətlərində mənfi təsir göstərə bilər. Baxmayaraq ki, bu gün Rusiya xeyli dərəcədə Çindən asılı vəziyyətdədir. Çin, Rusiyadan asılı olsaydı, onda öz hərəkətlərinə daha diqqətlə yanaşardı, amma Rusiya Çindən asılıdır. Ona görə Çin öz müstəqil siyasətini yeridəcək. Rusiyadan da heç bir asılılığı yoxdur əslində. Çin hansısa səviyyədə danışıqlarla işlər görmək istəyir. Başa düşür ki, Ukrayna danışıqlara icazə verməlidir. Ukrayna Çini vasitətçi, bir tərəfdaşı kimi qəbul eləməlidir. Ona görə də indidən Ukrayna ilə münasibətləri düzəltməyə çalışırlar. Bütün hallarda Çin xarici işlər nazirinin bu açıqlaması Çinin öz maraqlarının təzahürüdür”.
K. Novruzov onu da qeyd edib ki, Çin bundan sonra Ukrayna ilə münasibətləri inkişaf etdirəcəksə də, bu da yenə həmin maraqların təzahürüdür:
“Son nəticədə Ukraynanın deyil, Çinin maraqları təmin olunacaq. Amma yaxın perspektiv üçün münasibətlərdə ciddi dəyişikliyin olacağını düşünmürəm. Burada bir ABŞ faktorunu da nəzərə almaq lazımdır.
Çin və ABŞ, ciddi rəqibdirlər və Çin ABŞ-nin hegemonluğunu qəbul etmək istəmir. ABŞ bu gün müharibəni bitirmək istəyir və lazım gələrsə həm Rusiyanı, həm Ukraynanı güzəştə getməyə məcbur etmək istəyir. Çinin də maraqları başqadır. Çin də mümkündür ki, şərqi Avropada ABŞ-nin qurmaq istədiyi oyunu pozmaqdan ötəri indi Ukrayna ilə münasibətləri normallaşdırmaq istəyəcək.Çünki son vaxtlar və Vaşinqton- Kiyev münasibətləri də isti deyil. Tərəflər arasında soyuq küləklər əsir. Belə bir vəziyyətdə Çin Ukraynanı öz tərəfini çəkərək oyun qurmağa cəhd edə bilər”.
Leyla Turan
Demokrat.az