Olaylar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillərlə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
İclasın əvvəlində Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkil Avraam Berman konfidensial görüş üçün şərait yaradılmasını məhkəmədən xahiş edib.
Məhkəmə vəsatəti təmin edib və konfidensial görüş üçün fasilə elan olunub.
Fasilədən sonra Ruben Vardanyan və müdafiəçisi vəsatət verərək məhkəmə tərkibinə etiraz ediblər.
Dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev və Fuad Musayev vəsatətə münasibət bildirərək qeyd ediblər ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə prosesində baxılaraq müvafiq qərar qəbul olunub. Habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edilməsinə və həmin etirazın əsaslandırılmasının zəruri olmasına dair tələblər təkrarən vurğulanıb.
Vəsatətdə qeyd edilən məsələlərə dair konkret əsasların müəyyən olunmadığını bildirən prokurorlar etirazın baxılmamış saxlanılmasını xahiş ediblər.
Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.
Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.