Türkiyənin “Beşiktaş” klubunun gənc futbolçusu Mustafa Erhan Həkimoğlu İstanbul təmsilçisi ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
17 yaşlı futbolçu 3 illik yeni müqaviləyə imza atıb. O, yeni sözləşməyə əsasən 2028-ci ilin 30 iyununa kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ilin yayında bitəcəkdi.
Mustafa Həkimoğlu “Beşiktaş”ın öz yetirməsidir. O, 2023-cü ildən bu klubun əsas komandasında çıxış edir. Gənc forvard cari mövsümdə meydana çıxdığı 20 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Mustafa “qara qartallar”ın əsas komandasında bütövlükdə 28 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Türkiyənin U-15, U-16, U-17, U-18 yığmalarında oynamış Mustafa 2024-cü ildən U-21-ə dəvət alır.
“Transfermarkt” internet-portalı 17 yaşlı hücumçunun transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Beşiktaş” bu gün kapitanı – 34 yaşlı Necup Uysalla da yeni müqavilə imzalandığını açıqlamışdı.