Kanadanın Ontario əyalətinin Toronto hava limanında ABŞ-nin “Delta Airlines” təyyarəsinin qəzaya uğraması nəticəsində azı 15 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli CTV telekanalı məlumat yayıb.
Daha əvvəl səkkiz nəfərin xəsarət aldığı, onlardan üçünün, o cümlədən bir uşağın vəziyyətinin kritik olduğu bildirilirdi.
ABŞ Federal Mülki Aviasiya İdarəsi təyyarədə olan 80 nəfərin hamısının təxliyə edildiyini, ölən olmadığını təsdiqləyib.
İlkin versiyaya görə, qəzaya güclü yan küləyin səbəb olduğu, hava gəmisinin qarlı zolağa bu şəraitdə eniş etdiyi bildirilir.
ABŞ-nin “Delta Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Kanadanın Toronto hava limanında eniş zamanı çevrilib.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, CRJ-900LR təyyarəsi Minneapolisdən Torontoya uçurdu. Təyyarədə ekipaj da daxil olmaqla təxminən 100 nəfər olub. Azı səkkiz nəfər yaralanıb.
Hadisə yerində təcili fövqəladə hallar xidmətlərinin əməkdaşları işləyir. İlkin versiyaya görə, təyyarə qarlı uçuş-eniş zolağının buzlaşması səbəbindən eniş zamanı çevrilib.
Olayın dəqiq səbəbləri araşdırma nəticəsində müəyyən ediləcək.