Bakı, 18 fevral, AZƏRTAC
Kembric Universitetinin alimləri hava çirkliliyini yanacağa çevirmək üçün Günəş enerjisi ilə işləyən cihaz hazırlayıblar. Bu yeni reaktor atmosferdəki karbon dioksidi (CO2) sintetik yanacağa çevirərək avtomobillər və təyyarələr üçün alternativ yanacaq təmin etməyə imkan verir. Cihaz fotosintez prosesində olduğu kimi heç bir naqil və ya batareya tələb etmədən fəaliyyət göstərir.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, bu texnologiya mövcud karbon tutma və saxlama (CCS) üsullarına alternativ kimi təklif olunur və iqlim böhranına qarşı yeni bir həll təklif edir.
Kembric Universitetinin Kimya Departamentindən dr. Yusuf Hamid Sayan Kar karbon qazını faydalı maddələrə çevirməyi təklif edir. Alim CO2-nin atmosferdən çıxarılaraq təmiz enerji istehsalında istifadə edilə biləcəyini vurğulayır. Cihaz gecə vaxtı havadakı CO2-ni xüsusi filtrlər vasitəsilə udaraq gün ərzində günəş işığından istifadə edərək kimyəvi reaksiyaya başlayır və onu benzinə alternativ olan sintetik yanacağa çevirir. Bu üsuldan əczaçılıq məhsulları istehsalında istifadə edilə bilər. Uzaq ərazilərdə yaşayan insanlar üçün öz yanacaqlarını bu yolla hasil edə bilərlər.
Tədqiqata rəhbərlik edən professor Ervin Reisner bildirib ki, qalıq yanacaqları yandırmağa davam etmək əvəzinə ehtiyac duyduğumuz bütün CO2-ni birbaşa havadan tuta və yenidən istifadə edə bilərik. Bu yanaşma ilə davamlı iqtisadiyyat qurmaq mümkündür.
Tədqiqatın nəticələri “Nature Energy” jurnalında dərc edilən araşdırmada təqdim edilib. Bu irəliləyiş iqlim dəyişikliyi ilə mübarizədə böyük bir addım olub, həmçinin qlobal enerji istehsalında inqilabi rol oynaya bilər.