AZ

Zəlzələ ilə bağlı yeni layihə - Çoxmərtəbəli binalarda da bu cihazlardan quraşdırıla bilər?

Memarlıq və İnşaat Universitetinin (AMİU) Zəlzələ Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Azər Qasımzadənin sözlərinə görə, yerin dərinliklərindəki hərəkətlər nəticəsində böyük dağıntılara səbəb olan zəlzələdən qorunmaq üçün Azərbaycanda yeni üsuldan istifadə olunacaq.

Belə ki, binalara yeni cihazlar yerləşdiriləcək və bununla da onların zəlzələyə dayanıqlılığını yoxlamaq, izləmək mümkün olacaq. Onun sözlərinə görə, izlənmə cihazları strateji əhəmiyyətli yüksək bina və qurğulara qoyulacaq. 

Mövzu ilə bağlı Valyuta.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, yəqin ki, bu bir pilot layihə kimi başlanacaq və uğurlu olarsa, gələcəkdə artıq digər çox mənzilli binalara da həmin cihazlardan yerləşdirilə bilər:

"Bu cihazlar dövlət əhəmiyyətli strateji binalara - xəstəxanalara, uşaq evlərinə, məktəblərə, bağçalara, hansı ki, o binalarda insanlar kütləvi şəkildə olur, onlara yerləşdirilə bilər. Çünki zəlzələ baş verərsə, əvvəlcədən məlumatlandırma xəbəri gəlməlidir ki, insanlar ordan evakuasiya edilsin".

Elnur Fərzəliyev qeyd edib ki, Bakıda seysmoloji zonalar yox, sürüşmə zonaları var: 

"Bakı zəlzələ baxımından seysmik zonada yerləşmir. Bakıda ən son zəlzələ 2001-ci ildə baş verib. 2001-ci ildən sonra isə ölkədə "Əsrin müqaviləsi" olan neft müqavilələri bağlanıldı və paytaxt ərazisində zəlzələ yarada biləcək bütün təbii sərvətlər demək olar çıxarılıb. Bakıda sürüşmələr baş verə bilər. Bakı bir amfiteatr kimi tikilib, yeraltı qurunt sularının çox olması və tikilən çoxmərtəbəli binaların qurunt sularının istiqamətini dəyişdirməsi, onların özlərinə fərqli yol açması sürüşmələrə səbəb ola bilər. Lakin yenə də xəstəxanalar, məktəblər, digər dövlət əhəmiyyətli binalarda bu cihazların olması yaxşıdır".

Ekspert deyir ki, əgər həmin cihazlar zəlzələ barədə öncədən məlumatlandıra bilirsə, bunu faydalı bir layihə kimi qiymətləndirmək olar:

"Zəlzələ müxtəlif yerlərdə, müxtəlif vaxtlarda baş verir. Buna görə də, dövlətin belə hadisələrə əvvəldən hazırlıq görməsi vacibdir. Bundan başqa, zəlzələyə hazırlıq üçün müxtəlif sığınacaqlar olmalıdır. Sığınacaqların olmaması və ya sayının az olması problemlər yaradır.

Çünki sığınacaqlar həm zəlzələ, həm də müharibə şəraitində evakuasiya olan insanlar orda yerləşdirilir. Daha çox metrostansiyalar, yeraltı keçidlər sığınacaq kimi nəzərdə tutulur, amma bunlar da hər yerdə yoxdur".

Davud

Seçilən
67
29
valyuta.az

10Mənbələr