AZ

Ermənistan Gürcüstanın ərazi bütövlüyünü de-fakto TANIMIR

Fevralın 15-də Gürcüstanın separatçıların nəzarəti altında olan Abxaziya ərazisində saxta "prezident seçkiləri" keçirilib. "Seçkilərin" ilk turunda Moskvanın dəstəklədiyi namizəd Badra Qunba 46%, ötən il bölgədə keçirilən etirazların liderlərindən biri Adqur Ardzinba isə 37% səs toplayıb. Heç bir namizəd mütləq səs çoxluğu əldə edə bilmədiyi üçün iki həftə sonra ikinci tur keçiriləcək.

Ancaq separatçıların seçkilərini bir çox ölkə tanımayıb və bununla bağlı bəyanat yayıb. Qondarma seçkilərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də məlumat yayıb. “Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır. Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır”, – sənəddə qeyd olunub.

Cənubi Qafqaz ölkələrindən Ermənistan isə məsələyə münasibət bildirməyib. İrəvan sözdə Gürcüstanın ərazi bütövlüyünü tanıdığını iddia etsə də, separatçıların seçkilərinə etiraz etməyib. Qeyd edək ki, Abxaziyada 50 minə yaxın erməni yaşayır.

Qarabağ müharibəsi zamanı Abxaziya ermənilərindən təşkil edilmiş batalyonların iştirakı və xüsusi amanslızlqa cinayətlər törətdiyi məlumdur. 1992-1993-cü illərdə baş vermiş Abxaziya müharibəsində ermənilərdən ibarət Baqramyan batalyonuda seperatçıların tərəfindən müharibədə iştirak edib.

Ermənistan hakimiyyətinin Abxaziyadakı ermənilərlə müəyyən səviyyədə əlaqələri var.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun üzvü Azər Allahverənov bildirib ki, seperatçılıqla mübarizədə böyük uğur qazanan Azərbaycan heç vaxt Abxaziyada baş verən saxta seçkiləri tanımır:

"2025-ci ilin 15 fevral tarixində Abxaziyada sayca 9-cu saxta prezident seçkiləri heç bir vəchlə tanınası deyil. Ən azından ona görə ki, bu, beynəlxalq hüquq və normalara zidd və saxta seçkilərdir. Bu, ancaq Gürcüstanın daxilində baş vermiş hadisə kimi dəyərləndirilə bilər. Heç bir halda bunu beynəlxalq münasibətlər sistemində baş vermiş hadisə kimi dəyərləndirmək olmaz. Dünyanın əksər qüvvələri, dövlətləri, o cümlədən də Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır və bu ölkədə olan heç bir seperatçı rejimin keçirdiyi seçkiləri tanımır. Seperatçılıqla mübarizdə böyük uğur qazanmış dövlət kimi Azərbaycan heç bir halda Abxaziyada baş verən bu prosesləri qəbul etməyib və kəskin şəkildə tənqid edib. Gürcüstanda baş verən prosesləri bir mənalı olaraq, beynəlxalq hüququn norma və prinsiplərinə zidd bir hadisə kimi dəyərləndirir. Azərbaycanla Gürcüstan arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir və məhz belə hadisələri kəskin şəkildə pisləməklə rəsmi Bakı hər zaman rəsmi Tbilisinin yanındadır".

Azər Allahverənov Ermənistanın Abxaziyadakı seçkilərlə bağlı bəyanat verməməsinin səbəblərini isə belə izah edib:

"Ermənistan bu gün Gürcüstan ərazi bütövlüyünü de-yure tanıyan ölkə kimi çıxış edir. Amma de-fakto biz görürük ki, tamam başqa proseslər gedir. İstər Abxaziyada, istərsə də, Cənubi Osetiyada hər zaman Ermənistanın müəyyən millətçi qruplarının, siyasi qüvvələrinin müəyyən formada təsir etmək imkanları və rıçaqları var. Hətta zamanında Abxaziyada gedən müharibədə belə erməni batalyonlarının iştirak etməsi ilə bağlı informasiya var. Eyni zamanda hər zaman Ermənistan çalışır ki, seperatçılğı bir qədər də alovlandırsın. Müəyyən özünü istilaçı, işğalçı siyasətini digər ərazilərdə həyata keçirmiş olsun. Zamanında buna Azərbaycanda müəyyən mənada müvəffəq oldu. Amma Azərbaycan seperatçılğın qarşısını alıb, onu məhv etdi. Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. Buna baxmayaraq, Ermənistan bu gündə qonşularla münasibətlərində torpaq iddiasından əl çəkmir. Yenə də Ermənistan bu və ya digər formada qonşu dövlətlərdə seperatçılığa dəstək göstərmiş olur. Bu mənada Gürcüstanın Abxaziya ərazisində baş verən qondarma prezident seçkilərini Ermənistan pisləmir. Amma dərindən təhlil aparsaq, üzə çıxar ki, Ermənistan nəinki seçkiləri pisləmir, hətta müəyyən kanallar vasitəsilə o prosesə müəyyən mənada rəvac verir. Seperatçılıq və seperatçılığa dəstək Ermənistan Respublikasının xislətidir. 44 günlük müharibədə dəmir yumruqla əzilən və məğlub olan Ermənistan bu gün yenə də seperatçılıqdan əl çəkə bilmir. Ona görə də Abxaziyada keçirilən seçkiləri heç rəsmi şəkildə də pisləyə bilmir".

Seçilən
30
34
modern.az

10Mənbələr