"Tencent Holdings Ltd" şirkətinin həmtəsisçisi Pony Ma bazar ertəsi günü qısamüddətli olaraq Çinin ən varlı adamı olub.
Valyuta.Az xəbər verir ki, təxminən beş il əvvəl Çinin ən nüfuzlu özəl sahibkarlarına qarşı başladılan sərt nəzarət tədbirlərindən sonra ölkənin milyarder texnologiya sahibkarları yenidən diqqət mərkəzinə düşüb.
"Bloomberg Milyarderlər İndeksi"nə görə, səhər saat 09:50-də (Honq Konq vaxtı ilə- Bakı vaxtı ilə 05:50) onun sərvəti 56,9 milyard dollar dəyərində qiymətləndirilib və bununla da su istehsalı ilə məşğul olan Çjun Şanşanı (Zhong Shanshan) geridə qoyub.
Ma 2020-ci ildə və ötən il qısa müddətlik Çinin ən varlı şəxsi olub. Bazar ertəsi isə bu statusu yalnız bir neçə saatlıq qoruyub saxlaya bilib. Ticarət gününün sonunda o, yenidən ikinci yerə düşüb.
Bu, Çində texnologiya sektorunda müşahidə olunan son artımın nə qədər davam edəcəyini proqnozlaşdırmağın çətin olduğunu göstərsə də, 53 yaşlı Ma və digər texnologiya sahəsindəki milyarderlər üçün dönüş nöqtəsinin yarandığına dair işarələr var. Prezident Si Cinpinin bazar ertəsi günü nüfuzlu sahibkarlarla keçirdiyi görüş özəl sektora dəstək nümayişi kimi qiymətləndirilir. Eyni zamanda, "DeepSeek" şirkətinin gözlənilməz yüksəlişi qlobal investorları Çinin uzun müddət dəyəri aşağı düşmüş texnoloji səhmlərinə yönəlməyə təşviq edib.
Qeyd edək ki, bazar ertəsi "Tencent"in səhmləri 2021-ci ildən bəri ən yüksək səviyyəsinə çatıb.
Bəs bir neçə saatlıq Çinin ən zəngin insanı olan Ma kimdir?
Pony Ma (Ma Huateng) Çinli sahibkar və "Tencent" şirkətinin həmtəsisçisidir. O, 29 oktyabr 1971-ci ildə Çinin Quandonq vilayətinin Şantou şəhərində anadan olub. Pony Ma 1993-cü ildə Şençjen Universitetində kompüter elmləri üzrə təhsil alıb.
O, 1998-ci ildə Zhang Zhidong (Tony Zhang) ilə birlikdə "Tencent" şirkətini təsis edib. İlk uğuru "OICQ" (sonradan "QQ") adlı mesajlaşma platforması olub. 2011-ci ildə isə "WeChat" tətbiqini istifadəyə verib ki, bu da dünyanın ən populyar mesajlaşma və sosial media platformalarından birinə çevrilib.
Pony Ma həmçinin oyun sənayesində böyük təsir gücünə malikdir. Onun rəhbərlik etdiyi "Tencent" şirkəti "League of Legends", "PUBG Mobile", "Honor of Kings" kimi məşhur oyunlara sahibdir və ya onlara investisiya qoyub.
O, Çinin ən varlı adamlarından biri hesab olunur və sərvətinin böyük hissəsi "Tencent" səhmlərindən formalaşır. "Forbes" və "Bloomberg Milyarderlər İndeksi"nə əsasən, o, zaman-zaman Çinin ən varlı adamı olub.
Rəhim