AZ

Böyük Qayıdışa dair I Dövlət Proqramının 2024-cü il üzrə icrasının monitorinqi başa çatıb

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2024-cü il üzrə monitorinq prosesi yekunlaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) məlumatına görə, tədbirlər planı çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 2024-cü ilin sonuna 62 min hektardan artıq ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 2024-cü il ərzində 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərləri, Laçın rayonunun Zabux və Sus kəndləri, Xocalı rayonunun Ballıca kəndinə köçürülüb.

Hesabat dövrü ərzində işğaldan azad edilmiş ərazilərdə 6 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb, 3 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti təmin olunub. Yaşayış məntəqələrində əlçatan və keyfiyyətli tibb xidmətləri infrastrukturunun qurulması istiqamətində də işlər davam etdirilib.

Ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün 739 km 110 kv-luq, 262 km 330 kv-luq uzunluqda elektrik verilişi xətləri çəkilib. 11 ədəd 110 kv-luq, 1 ədəd 330 kv-luq yarımstansiya tikilib.

Geri qayıdan əhali üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda fəaliyyət göstərən bank filiallarının sayı ümumilikdə 6-ya (Laçın, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Xankəndi şəhəri olmaqla) çatdırılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə azad edilmiş ərazilərdə banklar və “Azərpoçt” tərəfindən quraşdırılmış POS-terminalların sayı 904 ədəd (Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Zəngilan, Laçın, Cəbrayıl, Qubadlı, Kəlbəcər rayonları və Xankəndi şəhəri üzrə) təşkil edib. Bununla yanaşı, əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun təmin edilməsi üzrə tədbirlər həyata keçirilib, ümumilikdə 40 minə yaxın insanın işğaldan azad edilmiş ərazilərdə yaşayışı və fəaliyyəti təmin edilib.

Dövlət Proqramı çərçivəsində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Həmçinin Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 400-dən artıq müəssisənin fəaliyyəti təmin edilib. Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanılıb.

Seçilən
25
5
vergiler.az

6Mənbələr