Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC (BSC) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə mükafata layiq görülüb. Mükafatı Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov BSC-nin Baş direktoru Kamal İbrahimova təqdim ediblər.
BSC-nin Baş direktoru Kamal İbrahimov Dövlət Vergi Xidmətinin timsalında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə şirkətin fəaliyyətini yüksək qiymətləndirdiyinə görə təşəkkürünü bildirib.
Şirkət rəhbərliyi, bu uğurun yalnız BSC-nin deyil, həm də dövlət tərəfindən iqtisadiyyatın inkişafına göstərilən dəstəyin və ixracatın artırılması istiqamətindəki strateji addımların mühüm bir göstəricisi olduğunu qeyd edib. BSC-nin 23 ildən artıq uzunmüddətli və dayanıqlı ixracat fəaliyyəti, beynəlxalq standartlara cavab verən keyfiyyətli məhsul istehsalı və xarici bazarlara intensiv çıxışı mükafatın əldə edilməsində həlledici rol oynayıb. Bildirilib ki, mükafat şirkətin gələcək inkişafına stimul olacaq və Azərbaycanın ixrac potensialını metallurgiya sənayesi sahəsində daha da genişləndirməyə sövq edəcək.
Bu nailiyyət BSC-nin strateji istiqamətlərindən biri kimi Azərbaycanın metallurgiya sənayesinin ölkənin qeyri-neft sektorunun flaqman sahələrindən birinə çevrilməsidir.
Qeyd etmək lazımdır ki, BSC bu il Azərbaycanın ən iri 50 vergi ödəyicisi sırasına daxil olub. Şirkət ötən il ərzində dövlət büdcəsinə 26,7 milyon manat vergi ödənişləri həyata keçirib. BSC Azərbaycanın ən böyük istehsalçılarından biri olaraq yüksək keyfiyyətdə armaturlar, katankalar (polad məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular istehsal edir. Burada, həmçinin şvellerlər, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqlar da hazırlamaq mümkündür. Nəinki Azərbaycanın, bütövlükdə bütün regionun tanınmış brendinə çevrilən BSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, indiyədək Avropa, Afrika, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunub.