Ölkəmiz beynəlxalq müstəvidə etibarlı və strateji tərəfdaş kimi tanınır. Dövlətimizin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu inamın göstəricisidir. Beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsində ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə keçirilən iclaslar da böyük əhəmiyyət kəsb edir.
12-13 fevral tarixlərində Somali Prezidenti Hasan Şeyx Mahmud ölkəmizdə rəsmi səfərdə oldu. Azərbaycan-Somali münasibətlərinin inkişaf dinamikasına nəzər salanda görürük ki, bu dost dövlətin başçısı Həsən Şeyx Mahmudun Bakıya səfəri və iki lider arasında aparılan danışıqlar 2023-cü ildən bəri müşahidə edilən aktiv diplomatik təmasların davamıdır. Hər bir səfər münasibətlərin inkişafında yeni mərhələ kimi dəyərləndirilir. Gündəmə gətirilən məsələlər, imzalanan sənədlər münasibətlərin yeni istiqamətlər üzrə inkişafına böyük stimul verir. Bu görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Həmin səfər təkcə diplomatik jest deyil, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin formalaşmasına xidmət edir.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Somali Prezidenti Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə qatılmaq niyyətində olduğunu bildirmişdi. Bundan əlavə, yanvar ayında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Somali paytaxtı Moqadişoya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yönəlmiş ardıcıl addımlardan biri oldu. İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ildə qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir. Onu da qeyd edək ki, vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Bundan əlavə, Somali-Türkiyə münasibətləri Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edir, çünki Türkiyə Azərbaycan üçün strateji tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında mühüm rol oynayır. Somali, həmçinin iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür.
Fevralın 12-də iki ölkənin liderləri mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanla Somali dövlətləri arasında gələcək əməkdaşlıq prinsipləri barədə geniş məlumat vermişdir. Prezident İlham Əliyev bildirdi ki, “Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Bu gün Prezidentlə görüşümüz zamanı biz qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələləri artıq müzakirə etdik. Bu gün müzakirələrimizi nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdirəcəyik. Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq. Biz regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq”. İkitərəfli əlaqələr nəticəsində Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı Somalinin də diqqətini cəlb edir. Bakı limanı, Orta Dəhliz layihəsi və digər tranzit imkanları Somalinin Şərqi Afrika regionunda ticarət potensialını artırmaq üçün yeni yollar aça bilər. Humanitar və təhsil sahəsində əməkdaşlıqda da uğurlu nəticələrin əldə ediləcəyinə əminlik ifadə olunub. Təhsil sahəsində əməkdaşlıq Afrika ölkələri ilə Azərbaycanın münasibətlərində mühüm istiqamətlərdən biridir. Somali gənclərinin Azərbaycanda ali təhsil alması üçün təqaüd proqramlarının tətbiqi gələcəkdə iki ölkə arasında inteqrasiya prosesini sürətləndirə bilər. Azərbaycan artıq bir sıra Afrika ölkələrinə bu istiqamətdə dəstək verir və Somali də bu təşəbbüslərdən yararlana bilər. Bundan əlavə, Azərbaycan humanitar sahədə də Somaliyə dəstək göstərə bilər. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması təcrübəsi Somalinin müharibədən zərər çəkmiş bölgələrinin bərpası üçün faydalı ola bilər. Azərbaycan müstəqil bir dövlət olaraq beynəlxalq hüququn qayda və prinsiplərinə sadiqdir. Eyni zamanda, ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Xüsusilə qeyd etmək lazımdır ki, artıq bu gün Azərbaycan bölgədə neft-qaz, enerji ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir. Azərbaycanın gündən-günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə böyük zəmin yaradır. Səfər çərçivəsində, həmçinin xüsusi təyinatlılarımız Somali Prezidentinə təqdim olundu. Cənab İlham Əliyev bu çağırışı etdi ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır. Dövlət başçısı İlham Əliyev dövlət xidmətləri sahəsində də işbirliyinin əhəmiyyətini vurğuladı. Somali Prezidentinin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər də oldu. Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əməkdaşlığın inkişafı istiqamətində atdığımız addımlar daim təqdir edilir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri