Bu gün “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında “Çıraq”dan sonra ikinci hasilat platforması olan “Mərkəzi Azəri”dən ilk neftin əldə olunmasının 20 illiyi qeyd edilir.
BP şirkətindən verilən məlumata görə, 18 fevral 2005-ci ildə Prezident İlham Əliyev yeni inşa olunmuş “Mərkəzi Azəri” hasilat, qazma və yaşayış platformasına səfər edərək AÇG-nin tammiqyaslı işlənməsinin başlandığını bildirən ilk neftin əldə olunmasını rəsmi tədbirlə qeyd edib. O vaxtdan “Mərkəzi Azəri” AÇG-nin hasilat səlnaməsinin aparıcısıdır və yataqdakı bütün platformalar arasında ən yüksək hasilat göstəricisi ona məxsusdur - ümumilikdə 152 milyon ton (1,1 milyard barel) neft.
Ötən il də “Mərkəzi Azəri” bütün əməliyyatlarına təhlükəsiz və etibarlı şəkildə davam edərək il ərzində gündəlik 97 000 barel orta hasilat göstəricisi ilə AÇG platformaları arasında liderliyini saxlayıb.
“Mərkəzi Azəri” hasilat, qazma və yaşayış platforması ona körpü ilə birləşmiş texniki platforma olan kompressor və suvurma qurğusu ilə birlikdə Xəzərdə ən böyük dəniz komplekslərindən biridir. Bu kompleks AÇG-dəki digər platformalara və qurğulara vacib əməliyyatlar mərkəzi kimi də xidmət edir və öz qabaqcıl texniki imkanları sayəsində bütün yataqda əməliyyatların təhlükəsiz və etibarlı aparılmasını təmin edir.
Hazırda bu kompleksdə 210-a yaxın işçi çalışır. Platformada ümumilikdə 43 quyu istismardadır - bunlardan 28-i hasilat, 9-u qaz injektor quyusu, 5-i suvurma, 1-i isə şlamların laylara vurulması üçün quyudur.
“Mərkəzi Azəri” dünya səviyyəli bir dəniz obyektidir. O bundan sonra da hələ uzun illər AÇG-nin uğurlu gələcəyinə dəyərli töhfələr verməklə Azərbaycanın neft sənayesinin aparıcılarından biri olacaq.