AZ

QHT sədri haqqında kitab dərc olundu - TƏLƏSƏN BU ÖMRÜN DOLAYLARINDA...

Onun 60 illiyi ölkə miqyasında keçən il geniş qeyd olundu, amma yubileyi hələ də davam edir... Bu dəfə dostların xatirələrində.

Tanınmış şair-publisist Faiq Balabəylinin 60 illik yubileyinə həsr olunmuş "Bu ömür yaman tələsdi" adlı kitab oxucuların ixtiyarına verilib.

Tələsən bu ömrün dolaylarındakı bir çox maraqlı məqamlar kitabda əksini tapıb. Elə kitabdakı yazıların birində deyildiyi kimi, F. Balabəyli 60 ildə mürəkkəb bir yaşam trayektoriyası cızıb: Cəlilabad rayonunun Sabirabad kəndindən ədəbiyyatın ağuşuna, ədəbiyyatdan dənizə, dənizdən mətbuata, arada bir dəfə Bayıla sözlə günah çəkməyə, sonradan isə bütün bu aləmləri bir yerdə yaşatmağa qədər uzun və dolğun bir yol qət edib.

Ən doğrusunu da özü yazıb:

Məni çağırdılar, yoxsa dayandım,
Məni oyatdılar, yoxsa oyandım,
Üz tutub keçdiyim yollara baxdım -
Yollar duman idi, yollar çən idi,
Səksəkə içində bir az duruxdum,
O yola, yolağa qayıtmaq çətin,
O yola, yolağa dönmək əbəsdi,
Bu ömür deyəsən yaman tələsdi.

Şərif Ağayarın redaktorluğu ilə “Qanun” nəşriyyatında nəfis tərtibatla çap olunan kitabda xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, filologiya elmləri doktorları Vaqif Yusifli, Mahirə Nağıqızı, əməkdar jurnalist Sona Vəliyeva, Azərbaycan Yazıçılar Birliyinin katibləri İlqar Fəhmi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şair və yazıçılar – İbrahim İlyaslı, Varis, Salam Sarvan, Vasif Süleyman, Xatirə Rəhimbəyli, Ayaz Arabaçı, Rasif İmanoğlu, Zemfira Məhərrəmli, Kəmalə Abıyeva, Hümbət Şamiloğlu, jurnalist Nəzirməmməd Zöhrablı, dənizçi dostları və digərlərinin Faiq Balabəylinin 60 illik yubileyi ilə bağlı ürək sözləri, onun yaradıcılığı haqqında düşüncələri yer alıb.

Faiq Balabəyli "Eh ayrılıq nə yamansan", "Sənə yazılan şeirlər", "Burda darıxmaq olmaz", "Yaşıl yuxulu dəniz", "Bayıldan bayıra", "Kəsilməyən həyəcan fiti", "Bakı buxtası - 20 Yanvar", "Yağışdan sonra", "Bir ovuc kədər", "Gəmilərin əminiyyətli idarə olunması", "Xəzərin çirklənmədən qorunması", "Dənizçilərimiz Vətən müharibəsində", "Onlar qəhrəmandır" adlı poeziya, nəsr və publisistik kitabların müəllifi, AYB-nin üzvü, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü, Müstəqil.az saytının həm yaradıcısı, həm də baş redaktoru, gəmi kapitanı, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədridir.

Bütün ömrü SÖZlə DƏNİZin qonşuluğunda keçən Faiq Balabəyli QONŞULARInın heç birinə xəyanət etməyib. Bunun sübutlarından biri də "Bu ömür yaman tələsdi" kitabıdır.

 

Tural Balabəyli

Seçilən
8
2
qht.az

3Mənbələr