Moskva, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Ər-Riyadda Rusiya-ABŞ danışıqları başlayıb.
AZƏRTAC xəbər verir ki, danışıqlar Səudiyyə Ərəbistanı kral ailəsinin iqamətgahı olan Albasatin kompleksindəki Diriyah sarayında aparılır.
Danışıqlarda iştirak edən Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev jurnalistlərə bildirib ki, yaxın 2-3 ay ərzində Rusiya ilə ABŞ arasında iqtisadi məsələlər üzrə danışıqlarda irəliləyiş mümkündür. “Bircə onu deyə bilərəm ki, biz iqtisadiyyatda çox mühüm yoldayıq. Təbii ki, burada siyasi məsələ də var. Mən siyasi deyil, yalnız investisiya və iqtisadi məsələlərlə məşğul oluram. Bizim həmkarlarımızı düşündürən bir sıra təkliflərimiz var. İnanıram ki, bəlkə də uzaq gələcəkdə deyil, yaxın 2-3 ayda bu sahədə irəliləyiş olacaq”, -deyə o vurğulayıb.
K.Dmitriyev də hesab edir ki, ABŞ-ın neft şirkətləri nə vaxtsa Rusiyaya qayıtmaq istəyəcək.
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov başçılıq edir. Amerika tərəfini dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşavir Mayk Vals və Yaxın Şərq üzrə xüsusi elçi Stiven Vitkoff təmsil edir. Səudiyyə Ərəbistanından olan nümayəndələr də danışıqlar masası arxasında oturublar.
Görüş zamanı ikitərəfli münasibətlərin bərpası, Rusiya və ABŞ liderlərinin sammitinə hazırlıq, eləcə də Ukraynadakı vəziyyətin nizamlanması üzrə mümkün danışıqların müzakirəsi aparılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva