AZ

Professor: Hamilə qadınların vaksin olunması məqsədəuyğundur

Ölkəmizə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Bunu APA-ya Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Bəs mövsümi viruslardan qeyri-spesifik qorunma yolları nələrdir?
Mütəxəssis-ekspert bildirib ki, bunlar maska geyilməsi, sosial məsafənin gözlənilməsi, respirator və əl gigiyenasına əməl etməkdir.
Kəskin respirator infeksiyalarla bağlı risk qrupuna kimlər daxildir?
“Kiçik yaşlı uşaqlarla bərabər anadangəlmə və ya qazanılmış immunçatmazlığı, o cümlədən HİV infeksiyası olanlar, tənəffüs və digər orqan və sistemlərin digər ağır xroniki xəstəliyi, genetik və metabolik pozuntuları, məsələn, şəkərli diabeti olanlar, piylənmədən əziyyət çəkənlər, habelə hamilə qadınlar, ahıl şəxslər də xəstəliyin ağır gedişinin və fəsadlaşmasının risk qrupuna aid edilirlər”, infeksionist qeyd edib.
Hamilələrin qripə qarşı vaksinasiya olunması olduqca vacibdir
Onun sözlərinə görə, hamilələrin immuniteti orqanizmdə hamiləliklə bağlı hormonal dəyişikliklərlə əlaqədar zəifləyir: “Ona görə, hamilə qadının həm yoluxmaq riski daha yüksəkdir, həm də onlarda virus infeksiyaları daha ağır keçə bilər. Hamiləlik zamanı qriplə xəstələnmək həm ana, həm də döl üçün təhlükəlidir. Ən ağır fəsadlar düşük və vaxtından qabaq doğuşdur. Hətta ananın xəstəliyi yüngül keçirməsinə baxmayaraq, dölün inkişaf qüsurları, bir çox orqanlarının ağır dərəcəli zədələnmələri, bəzən bətndaxili ölüm baş verə bilər. Bu nəticələrin qarşısının alınması üçün hamilə qadının qripə qarşı vaksinasiya olunması olduqca vacibdir”.
Qrip və digər kəskin respirator infeksiyalar hansı ağırlaşmalar yarada bilir?
Nazirliyin mütəxəssis-ekspert qeyd edib ki, məhz risk qrupuna daxil olan şəxslərdə pnevmoniya, orta qulağın iltihabı, meningit və ensefalitlər, miokardit, 3 yaşından kiçik uşaqlarda yalançı larinqotraxeit və başqa ağırlaşmalar rast gəlir: “Qrip və kəskin respirator virus infeksiyaları əsasən hava-damcı üsulu ilə yayılır və yoluxma halları daha çox insanların çoxsaylı təmasları olan məkanlarda baş verir. Bundan əlavə, yoluxmanın risk qrupuna xidmət sahəsi, nəqliyyat işçiləri, təhsil müəssisələrinin əməkdaşları, hamilə qadınlar, məktəblilər, immundefisitli şəxslər və digərləri aiddir”.


Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, epidemioloji vəziyyətin bu gün mürəkkəb olmasını, covidin və müxtəlif infeksiyaların tüğyan etməsini nəzərə alaraq qrip əleyhinə vaksinasiya aktuallıq kəsb edir:

“Qrip əleyhinə vaksin immun sistemi müəyyən qədər hazırlıq vəziyyətinə gətirilməsidir. Bu mənada vaksin olanlarda digər respirator infeksiyaların baş verməsi ya olmur, ya da çox zəif gedir. Hətta artıq ölkəyə qrip vaksinləri gətirilib və bunun da vurulması tövsiyə edilir. Vaksinlərin hamilə qadınlara vurulması da vacibdir. Çünki hamiləlik zamanı keçirilən virus infeksiyalar zamanı döl, yəni mayenin bulanması, dölün zədələnməsi, hamilə qadının orqanizmində ciddi problemlərin olması mümkündür. Bu baxımdan da vaksinasiya bunun qarşısını almaq üçün ən optimal yoldur. Hamilə qadınların vaksin olunması məqsədəuyğundur”.
Seçilən
32
5
sherg.az

10Mənbələr