AZ

"Müəllimlər 300-500 manata görə yaşadıqları yeri dəyişmək istəmir"

Dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyədə müəllimlərin təyinatla işə göndərilməsi praktikası geniş şəkildə həyata keçirilir. Bu sistemin tətbiq olunduğu ölkələrdə müəllim çatışmazlığı problemi demək olar ki, mövcud deyil. Azərbaycanda isə illərdir ucqar bölgələrdə müəllimə ciddi ehtiyac var, lakin həmin ərazilərə getmək istəyənlər çox azdır.

Mütəxəssislərin fikrincə, problemin əsas səbəbi sosial və iqtisadi amillərlə bağlıdır. Ucqar kəndlərdə işləmək istəyən müəllimlər maaş azlığından şiakyət edirlər.

Mövzu ilə bağlı Modern.az-a danışan elm və təhsil eksperti Elçin Əfəndi bildirib ki, burada məsələ birbaşa insanların sosial şəraiti, maddi vəziyyəti ilə bağlıdır:

“Tək Bakı deyil, regionlarda olan vətəndaşlarımız da ucqar yerlərdə olan məktəblərə getməkdə çətinlik çəkirlər. Məsələn vətəndaş pedaqoji təhsil alıb, Qubada yaşayır. Onun üçün vakant yer isə Qazax rayonundadır. O Qazaxa gedəndə məskunlaşmalı, kirayə evdə yaşamalı olacaq. Əlbəttə burada problem əmək haqqı məsələsində baş qaldırır. Tutaq ki, müəllim 8 yaxud 16 saat dərs deyir. Bu məvacib onun xərclərini ödəməyəcək”.

Ekspertin sözlərinə görə, burada da Türkiyədə olduğu kimi müəllimllərin təyinatla göndərilməsi tətbiq edilsə də, yenə eyni vəziyyət yaranacaq:

“Bu o zaman ola bilər ki, saat hesabı deyil, vahid əmək haqqı cədvəli təyin olunsun. Müəllimlərin əmək haqqı 1000 yaxud, 1500 manat olduğu halda təyinata da ehtiyac yoxdur. Bu zaman müəllimlər özləri vakant yerləri seçəcəklər. Hazırkı vəziyyətdə 300-500 manatdan ötrü müəllimlər təbii ki, yaşadıqları yeri dəyişib başqa istiqamətə getmirlər. Gedənlər də çox az saydadır”.

E.Əfəndiyev sonda qeyd edib ki, əgər əmək haqqları vahid formaya salınmayacaqsa, yenə saat hesabına qalacaqsa stimullaşdırıcı başqa addımlar atılmalıdır:

“Məsələn rayonlara gedən müəllimlər üçün H1-H2 əmsalından əlavə olaraq da uzaq məsafədən köçüb gələn müəllimlərin də əmək haqqına əlavə ödəniş olunarsa, bu vakant yerlərin seçimi zamanı həmin yerlərin dolmasına şərait yaradacaq. Əks halda heç bir dəyişiklik nəticə verməyəcək. Bu məsələnin kökü əməkhaqqının azlığına dayanır”.

Seçilən
13
2
modern.az

3Mənbələr