Özbəkistan Respublikasının Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetinin rektoru Azizxon Nodirovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, qonaqları BMU-da görməkdən məmnunluğunu bildirən rektor Yaqub Piriyev Özbəkistan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edib, ortaq tarixə, mədəni irsə, milli-etnik əsaslara söykənən hər iki xalq arasında əlaqələrin Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasəti ilə müasir dövrün çağırışlarına uyğunlaşdırılaraq daha da inkişaf etdirildiyini deyib. Habelə bu əlaqələrin təhsil sahəsini də əhatə etdiyini, iki ölkə arasında təhsilin müxtəlif pillələri üzrə əməkdaşlığı nəzərdə tutan bir sıra müvafiq sənədlərin imzalandığını bildirib. Rəhbərlik etdiyi ali məktəbin maddi-texniki bazası, professor-müəllim heyəti, müasir laboratoriyaları haqqında məlumat verən rektor BMU-nun beynəlxalq əlaqələrinə toxunub, xarici universitetlərlə əməkdaşlığın müsbət tərəflərini diqqətə çatdırıb.
Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetinin rektoru Azizxon Nodirov isə öz növbəsində ölkəmiz haqqında ən xoş təəssüratlarını bölüşüb, həmçinin BMU ilə əlaqələrin yaranmasını olduqca müsbət qiymətləndirib. Rektor gələcəkdə əməkdaşlığın dərinləşəcəyinə, geniş məsələləri əhatə edəcəyinə inamını vurğulayıb.
Sonra universitetlər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum universitetlərin tədris, təhsil və elmi-tədqiqat fəaliyyətlərinə marağı artırmaq, birgə tədqiqat layihələri, o cümlədən təkliflər üzərində çalışmaq və s. məsələləri əhatə edir. Eyni zamanda sənəd fakültə üzvləri, tələbələr və inzibati heyətin mübadiləsini gerçəkləşdirməyi də nəzərdə tutur.
Görüşün ardınca qonaqlar BMU-nun müasir auditoriya və laboratoriyaları, eləcə də Texnoparkı ilə tanış olublar.






