İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün Bakıya gəlib.
Publika.az bu barədə İran KİV-ə istinadən xəbər verir.
İranlı spiker səfərdən əvvəl yerli mətbuata verdiyi müsahibədə ölkəsinin Azərbaycanla beynəlxalq və regional əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
"Azərbaycanla çoxsaylı tarixi və müxtəlif sahələrdə əlaqələr var. Səfər zamanı yüksək vəzifəli şəxslərlə keçiriləcək ikitərəfli görüşlər siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əlaqələrin inkişafı üçün vacibdir", - Qalibaf deyib.
Xatırladaq ki, 15-ci sessiya "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr olunub. Toplantıda 26-ölkə parlamentinin və 6 beynəlxalq təşkilatın nümayəndə heyəti, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.