Amerikanın Dyuk Universitetinin alimləri asteroidlərə olan məsafəni daha tez təyin etməyə imkan verən üsul təklif ediblər. Bu, onların orbitlərini hesablamağa və toqquşma risklərini qiymətləndirməyə kömək edəcək.
“Report” xəbər verir ki, bu barədə araşdırma “The Astronomical Journal”da (TAJ) dərc olunub.
Qeyd edilir ki, bu gün texnologiyalar əsas asteroid qurşağında iri asteroidləri izləməyə imkan verir, lakin diametri 100–200 metr olan daha kiçik obyektləri aşkar etmək çətin olaraq qalır. Kiçik ölçülərinə baxmayaraq, onlar Yerlə toqquşduqları zaman böyük dağıntılara səbəb ola bilərlər.
Yeni araşdırmada komanda Yerin fırlanmasına əsaslanan toposentrik paralaks adlı texnikadan istifadə edib.
“Asteroidlər qısa zaman intervallarında müşahidə edildikdə, onların orbitlərinin hesablanmasında əsas qeyri-müəyyənlik məsafələri ilə bağlıdır”, - kəşfin müəllifləri izah ediblər.
Yeni üsul asteroidə qədər olan məsafəni cəmi bir gecə müşahidə zamanı müəyyən etməyə imkan verib ki, bu da prosesi xeyli sürətləndirir.
Texnologiya həm sintetik məlumatlar, həm də real müşahidələr üzərində sınaqdan keçirilib. Sintetik məlumatlarla aparılan sınaqlarda bu üsul Yerdən təxminən 0,3 astronomik vahid (AU) məsafədə yerləşən asteroidlər üçün 98,7 %-ə qədər dəqiqlik göstərib. İki asteroidin faktiki müşahidələri metodun effektivliyini təsdiqləyib, baxmayaraq ki, dəqiqlik bir qədər aşağı olub - təxminən 97 %.