1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"28 yaşında Cəbrayıldan çıxmışdım, ömrümün ən gözəl çağları idi, bu gün 60 yaşında qayıdıram öz vətənimə ".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Vəli Şəxiyev deyib.
O, həmçinin keçmiş döyüşçü olduğunu, Birinci Qarabağ müharibəsində iştirak etdiyini bildirib:
"Ömrümün ən gözəl çağı idi. 28 yaşında elimizdən, obamızdan, yurdumuzdan olduq, didərgin düşdük. Mən həm də müharibə iştirakçısıyam. Allah bundan sonra balalarımıza, nəvələrimizə müharibə qismət eləməsin. Sülh olsun, əmin-amanlıq olsun.
Xırdalanda , Nübar qəsəbəsində 30 illik köçkün həyatı yaşamışıq. Artıq bundan sonra biz məcburi köçkün deyilik. Cəbrayılımıza qayıdırıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınır. Bu mərhələdə daha 37 ailə (212 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Rövşən Əsədov