AZ

"Ruhlar şəhəri" dirçəlir, sakinlərini qarşılamağa hazırlaşır - TƏHLİL

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfərləri çərçivəsində görülən işlərlə tanışlıqları, açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibi Böyük Qayıdış Proqramının birinci mərhələsinin uğurla başa çatacağının aydın ifadəsini yaradır

Dövlət başçısı İlham Əliyev bu ilin 7 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində hədəfləri açıqlayarkən bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Biz daha çox vəsaiti səfərbər edə bilərik. Üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır.

Bu il üçün bizim planda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq. Cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi diqqətə çatdırır ki, əsas infrastruktur layihələrini bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Artıq tşğaldan azad edilmiş ərazilərdə 30-dan çox su elektrik stansiyası işə salınıb, dəmir yolları çəkilib. Burada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür. İkinci yerdə Türkiyə şirkətləridir. Onlar daha çox tunellər, körpülər, dəmir yolları layihələrində iştirak edirlər. İstənilən yaşayış yerinə diqqət yetirsək nə qədər rahat evlərin, mənzillərin tikildiyini, bütün infrastruktur layihələrinin icra edildiyini, iş yerlərinin yaradıldığını görərik. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu çağırışı önə çəkir ki, müharibə başa çatandan dərhal sonra demişəm biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq, bütün bunlar doğrudan da bu məkanları dünyanın ən gözəl yerlərindən birinə çevirəcək. Dövlətimizin başçısı bildirir: «Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir.»

Qeyd etdiyimiz kimi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər içərisində infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Çünki infrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq. Həyata keçirilən infrastruktur layihələri içərisində yolların yenidən qurulması xüsusi yer tutur. Bu ərazilərdə dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti işləri davam etdirilir. Bərdə-Ağdam dəmir yolu xəttinin çəkilişi başa çatıb. Ağdam avtovağzal və dəmir yolu vağzalı kompleksinin tikintisi həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda reallaşan infrastruktur layihələri arasında hava yolları da müstəsna əhəmiyyət daşıyır. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları tikilərək istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsi nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə tikilən hava limanları bölgənin əhəmiyyətini artırmaqla yanaşı, gələcəkdə turizm potensialının artmasına da imkan yaradacaq.

İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində sistemli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda xüsusən bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq 4 il ərzində 270 MVt gücündə 32 su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Təkcə 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonunda son dörd ildə “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 MVt-lıq “Yuxarı Vəng”, 4,3 MVt-lıq “Zar”, Laçın rayonunda 2,8 MVt-lıq “Zabux”, 4,6 MVt-lıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib. 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” tərəfindən 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunub. Həmin 550 milyon kilovat-saat enerjinin üçdəbiri, yəni 200 milyon kilovat-saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə respublika enerji sisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin bərpası, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur.

Ümumilikdə ölkəmizdə bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir. Ölkəmizdə böyük sahibkarlar sinfi formalaşıb. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Bu isə öz növbəsində qeyri-neft sektorunun inkişafını, sahibkarlara diqqət və qayğını şərtləndirir. Bunun üçün son illərdə dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımlara diqqət yetirmək kifayətdir. Azərbaycan brendi kimi tanınan «ASAN xidmət», ABAD mərkəzlərinin yaradılması, özünüməşğulluq proqramının həyata keçiriləsi də bunun bariz nümunəsidir. İnfrastrtuktur layihələrinin uğurlu icrasında da əsas məqsədlərdən biri sahibkarlara diqqət və qayğıdır. O da məlumdur ki, cənab İlham Əliyev fevralın 3-də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqlədi. Bu sənədə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır. Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərə diqqət yetirsək bura köçəcək sakinlərin məşğulluğunun təmin edilməsinə, sahibkarlığın inkişafına xüsusi diqqət göstərildiyini görərik. Rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilən Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında, ümumilikdə, 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 97 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Bu müəssisələr elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, divar kağızlarının, müxtəlif növ ayaqqabıların, avtomatlaşdırma və telemexanika sistemlərinin, məsaməli hörgü bloklarının istehsalı ilə məşğul olurlar.

Ağdam Sənaye Parkında istehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməklə yanaşı, daxili bazarda da geniş satışı həyata keçirilir. Artıq ixrac istiqamətində də uğura imza atılıb.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnika təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkı logistik imkanlar baxımından əlverişli ərazidə yerləşir ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Hazırda «Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 müəssisə tam fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, ağır yük maşınlarına texniki servis xidməti göstərilir.

İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, “ağıllı kənd” və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına və əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb. Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ilin iyul ayında Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. Artıq Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış kəndində, Füzuli şəhərində, Şuşa şəhərində, Laçın şəhərində və rayonun Sus, Zabux kəndlərində, Cəbrayıl şəhərində, Xocalı şəhərində və rayonun Ballıca kəndində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib.

Onu da qeyd edək ki, ötən ilin yanvarında dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sakinlərinə qovuşan və qovuşacaq şəhərlərimizdən bəhs edərkən bu müjdəni açıqlamışdı ki, Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur.

Ağdam şəhəri də genişmiqyaslı bərpa-quruculuq işəri ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin digər rayonlar kimi, Ağdam rayonuna da səfəri daim mühüm məqamlarla, Böyük Qayıdışa yönələn addımlarla zəngin olur. Məlum olduğu kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam rayonuna səfər etdilər. Onlar Ağdam şəhərində “Hilton Garden İnn” hotelində, Muğam Mərkəzində, 1267 mənzilli 2-ci yaşayış kompleksində, 1 nömrəli tam orta məktəbdə, 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri, 209 mənzilli “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə, Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış oldular.

Azərbaycanda turizmin inkişafı istiqamətində mühüm işlər görülsə də, böyük turizm potensialına malik Qarabağ və Şərqi Zəngəzur işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib. Qarabağın və Şərqi Zəngəzur işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu prosesdə diqqət yetirilən əsas sahələrdən biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir. Ağdam rayonunda ən müasir standartlara cavab verən hotellərin inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti nümunəsidir. Prezident İlham Əliyev səfər çərçivəsində «Azərişıq»” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak etdi. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycanın işğaldan azad edilən ərazilərində elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması, enerji təhlükəsizliyinin təmin olunması və yaradılacaq infrastrukturların elektrik enerjisi ilə təchizatı üçün “Azərişıq” ASC tərəfindən genişmiqyaslı təmir, yenidənqurma və tikinti işləri aparılır. Ağdam şəhərinin Baş Planına uyğun olaraq, şəhər ərazisində 35/0,4 kilovoltluq iki transformator məntəqəsi inşa edildi. Bu məntəqələr güc mərkəzləri olaraq, ilk mərhələdə ətrafda salınacaq yeni yaşayış sahələrini elektrik enerjisi ilə təmin edəcək. Baş Planda həmin transformator məntəqələrinin digər yaşayış sahələri üçün inşa ediləcək güc mərkəzləri ilə əlaqələndirilməsi və dairəvi elektrik təchizatı sxeminin yaradılması nəzərdə tutulub. Eyni zamanda, şəhərdə Baş Plana uyğun yaradılacaq müxtəlif təyinatlı infrastrukturun keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi həyata keçirildi. Cənab İlham Əliyev tərəfindən 2023-cü ildə təməli qoyulan bu Regional Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olundu.

Azərbaycanın musiqi beşiyi olan Qarabağda Ağdamın özünəməxsus yeri vardır. Dövlət başçısı İlham Əliyevin Ağdam Muğam Mərkəzində görülən işlərlə tanışlığı zamanı qeyd olundu ki, tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Hazırda tamaşa zalında, binanın çöl hissəsində son tamamlama işləri görülür, müvafiq avadanlıq və mebellər quraşdırılır. Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuşdur.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir. 2022-ci ildə BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və «Yeni Şəhər Gündəliyi – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi» mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu da bunun bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev forumdakı çıxışında tədbirin məhz Ağdamda keçirilməsini şərtləndirən amillərə diqqəti yönəldərək bildirdi ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, bu tədbir Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcıdır. Ağdam və dünyanın bir çox şəhərləri qardaş şəhərlər olacaqdır. Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər: «Bu adlardan biri «urbisid qurbanı» idi, bu da tamamilə doğru idi. Digər ad «ruhlar şəhəri» idi, bu da tamamilə doğrudur. Biri də «Qafqazın Xirosiması» idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq.» 

«Ruhlar şəhəri» dirçəlir, gülüstana çevrilir. Bunun şahidi olmaq üçün bir səfər çərçivəsində açılışı və təməlqoyma mərasimi keçirilən, eyni zamanda, tamamlanma işləri başa çatmayan sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. «Ağdam Residence» yaşayış kompleksində tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompkesin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Azad edilmiş ərazilərdə ötən il görülən işlərin və nəticələrin statistikasına diqqət yetirək. 2024-cü il ərzində 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərləri, Laçın rayonunun Zabux və Sus kəndləri, Xocalı rayonunun Ballıca kəndinə köçürüldü. Aparılan təhlillər əsasında müəyyənləşdirilib ki, hesabat dövrü ərzində işğaldan azad edilmiş ərazilərdə 6 ümumi təhsil müəssisəsi fəaliyyətə başladı, 3 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti təmin olundu. Yaşayış məntəqələrində əlçatan və keyfiyyətli tibb xidmətləri infrastrukturunun qurulması istiqamətində də işlər davam etdirilib. Ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün 739 kilometr 110 kilovatlıq, 262 kilometr 330 kilovatlıq uzunluqda elektrik verilişi xətləri çəkilib. 11 ədəd 110 kilovatlıq, 1 ədəd 330 kilovatlıq yarımstansiya tikilib. Əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun təmin edilməsi üzrə tədbirlər həyata keçirildi, ümumilikdə 40 minə yaxın insanın işğaldan azad edilmiş ərazilərdə yaşayışı və fəaliyyəti təmin edildi. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı, güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilir. Həmçinin Ağdam və «Araz Vadisi İqtisadi Zonası» sənaye parklarında ümumilikdə 400-dən artıq müəssisənin fəaliyyəti təmin edildi. Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanıldı.

«Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının başa çatacağı 2026-cı ilə qədər 140 min keçmiş köçkünün doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulur. Bu hədəf indiyədək görülən bərpa-quruculuq işlərinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyev bu günlərdə «Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya» mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində bu məqam xüsusi qeyd edildi ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımız addımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq. İqtisadiyyatın diversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsi bu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
38
ikisahil.az

1Mənbələr