"Beynəlxalq siyasətdəvə dünyada mövcud vəziyyəti nəzərə alsaq, çoxtərəfli əməkdaşlıq məsələsi heç vaxt indiki qədər aktual olmayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün dünyamızın üzləşdiyi humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin artması, irqçilik, ksenofobiya və islamofobiya kimi problemlər və onların öhdəsindən necə gəlmək məsələsi müasir beynəlxalq münasibətlər sisteminin səmərəliliyi məsələsini gündəmə gətirir. Spiker Sahibə Qafarova Azərbaycanın bu problemlərə münasibətdə mövqeyi barədə məlumat verərək, deyib ki, beynəlxalq hüququn bütün norma və prinsiplərinə, beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq, beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində qonşusu Ermənistanın işğalı altında qalan Azərbaycan təəssüf ki, bugünkü sistemin səmərəsizliyinin əsas qurbanlarından biri olmuşdur. Azərbaycan bütün bu normaları, prinsipləri və qətnamələri təkbaşına öz ərazilərini azad etməklə, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə həyata keçirmişdir. Milli Məclisin sədri çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, hazırda dünyanın həqiqətən ehtiyacı olan beynəlxalq öhdəliklərə tam hörmətdir. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməməsi, ikili standartların və selektiv yanaşmaların tətbiqi, dövlətlərin daxili işlərinə qarışma bu gün üzləşdiyimiz bütün ziddiyyətlərin və gərginliyin əsas mənbəyi olmuşdur. Bu mənfi tendensiyanın aradan qaldırılmasının, dünyada sülhə, sabitliyə və firavanlığa nail olmağın ən etibarlı yolu çoxtərəfli sistemin gücləndirilməsidir. Spiker deyib ki, Azərbaycan hər zaman bu prinsiplərə uyğun olaraq səmərəli və inklüziv çoxtərəfli sistemin güclü tərəfdarı olmuşdur. Ölkəmizin Qoşulmama Hərəkatında 4 illik sədrliyi, bu müddət ərzində Hərəkatın institusional inkişafı istiqamətində fəal iş aparması və üzv dövlətlər arasında dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq etməsi bu yanaşmanın əyani təzahürüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31