Bakı, 19 fevral, AZƏRTAC
Dünyada sabitlik və sülh naminə beynəlxalq əməkdaşlıq getdikcə daha da vacib hal alır. Cənub-Şərqi Asiyada demokratiya və dinc birgəyaşayış prinsiplərinə sadiq qalan Tailand sülhü və əməkdaşlığı təşviq etmək üçün diplomatiya və dialoqun gücünə inanır. Ölkəmiz beynəlxalq təşkilatlarda aktiv rol oynamaqla qlobal sabitliyə töhfə verməkdə davam edir. Bu çərçivədə, Azərbaycanı bir daha təbrik edərək, onun beynəlxalq arenada fəal mövqeyini və sülh təşəbbüslərini yüksək qiymətləndiririk. Azərbaycanın Qoşulmama Hərəkatının keçmiş sədri və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri kimi fəaliyyəti regionda əməkdaşlığın və dialoqun inkişafına böyük töhfələr verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tailand Nümayəndələr Palatası sədrinin ikinci müavini Paradorn Prissananantakul Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib.
O qeyd edib ki, Tailand Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) qurucu üzvlərindən biri, Asiya Parlamentlərarası Assambleyasının (AIPA) üzvü və Asiya Əməkdaşlıq Dialoqunun hazırkı sədri kimi, beynəlxalq arenada sülhün qorunmasına xüsusi önəm verir: “Bu mövqeyə uyğun olaraq, ölkəmiz BMT-nin ümumi insan hüquqları prinsiplərinə dəstəyini bir daha təsdiqləyir və Asiya Parlamentlərarası Assambleyasına üzv ölkələri də bu prinsiplərə sadiq qalmağa çağırır”.
“Tailand beynəlxalq ictimaiyyəti Fələstinə humanitar yardım göstərməyə davam etməyə təşviq edir. Parlament diplomatiyası vasitəsilə həyata keçirilən birgə səylərin bölgəyə tezliklə sülh gətirəcəyinə ümid edirik. Hökumətlərin və parlamentlərin əməkdaşlığı, sülhün və sabitliyin bərqərar olması üçün mühüm əhəmiyyət kəsb edir. Tailand bu istiqamətdə səylərini davam etdirmək əzmindədir və beynəlxalq ictimaiyyəti də bu ümumi məqsədə töhfə verməyə çağırır”, - deyə Paradorn Prissananantakul əlavə edib.