AZ

“Acer” Trampın rüsumları səbəbindən qiymətləri artırır

Bakı, 19 fevral, AZƏRTAC

“Acer” şirkəti Donald Trampın rüsum siyasəti səbəbindən ABŞ-da notbuk qiymətlərini 10 faiz artıracaq.

AZƏRTAC xəbər verir ki, “The Telegraph” nəşrinin məlumatına görə, bunu şirkətin baş direktoru və İdarə Heyətinin sədri Ceyson Çen deyib. Onun sözlərinə görə, “Acer” bu addımı ABŞ Prezidentinin ölkəyə idxal olunan bütün məhsullara yüksək rüsumlar tətbiq etmək planları səbəbindən atıb. Tayvan istehsalçısı, həmçinin notbuk istehsalını ABŞ-a köçürməyi nəzərdən keçirəcək.

Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent Çin, Kanada və digər ölkələrdən idxal olunan mallara rüsumun ABŞ-da istehsal bazasını bərpa etmək məqsədilə tətbiq olunduğunu vurğulayıb.

Qeyd edək ki, Amerikaya idxal edilən notbukların təxminən 80 faizi Çin istehsalıdır. İstehlak Texnologiyaları Assosiasiyası tariflərin ABŞ istehlakçılarına 143 milyard dollara başa gələcəyini və satışların azalmasına səbəb olacağını proqnozlaşdırır.

Avropa isə Vaşinqtonun başlatdığı ticarət müharibələrinin nəticələrinin regiona ağır zərbə vura biləcəyindən narahatdır. Belə ki, Donald Trampın tətbiq etdiyi idxal tarifləri fonunda Çin Avropa İttifaqında süni qiymət azaldılmasına - dempinqə başlaya bilər.

Seçilən
44
44
azertag.az

10Mənbələr