Kinorejissor Ayaz Salayev müsahibələrindən birində deyib ki, "Rus dilindən çox türk dili təhlükəlidir və "qəsəbə" sözünü tələbələri "kasaba" deyirlər".
Tarixçi alim Zaur Əliyev isə onun bu fikri ilə razılaşmayaraq iradını bildirib.
SeherXeber.org xəbər verir ki, o bu barədə fikirlərini sosial şəbəkə hesabında yazıb.
"Ayaz müəllim, ən təhlükəli bilirsiniz nədir? "Ana" və "ata" kimi gözəl sözlərin "mama" və "papa" kimi səslənməsidir.
Ayaz müəllim, 20 yanvarda, Xocalıda rus əsgərlərinin tankla əzib keçdiyi azərbaycanlı uşaqlar, qadınlar, kişilər "Не убиваете нас"(Bizi öldürməyin) desələr də, xeyri olmadı. Rus öz dilində belə eşitsə də, tankı onların üzərinə sürdü.
Nuru Paşa isə sadəcə "kardeş yardımı" sözünü eşidib 31 mart soyqırımından sonra bu qırğınlar daha davam etməsin deyə, Bakını və Azərbaycanı erməni və ruslardan xilas etmişdi.
44 günlük müharibədə erməniləri məğlub etməyimizdə rolu olan "Bayraktar" da türk dilindədir və Azərbaycana qarşı ermənilərin istifadə etdiyi rus dilində olan "Танк Т", "Искандер" üzərində Qarabağda qələbə qazandı.
İndi hansı dil daha təhlükəlidir, ona qərar verin...", - deyə o, ritorik sualla fikrini tamamlayıb.
Xatırladaq ki, Baku TV-nin efirində qonaq olan Ayaz Salayev Moskvada təhsil aldığı üçün özünü şanslı hesab etdiyini bildirib. Daha sonra o, “rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir. Çünki mənim tələbələrim artıq “kasaba” deyirlər, “qəsəbə” sözünü işlədən yoxdur” deyib.
Bu fikir proqramın digər qonağı Sabir Rüstəmxanlının xoşuna gəlməyib və o öz etirazını bildirib: “Ayaz bəy, bu elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dili bizim üçün təhlükədir. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?"
Həmidə İbrahimova