AZ

Ağdama qayıdışa az qaldı: "Qarabağ" klubunun Bakıdakı "imarət"inin taleyi necə olacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son illər uğurları ilə azarkeşləri dəfələrlə sevindirən "Qarabağ" futbol klubunun Ağdama nə zaman geri dönəcəyi ilə bağlı vaxtaşırı suallar yaranır.
Həmçinin ötən gün Prezident İlham Əliyevin Qarabağa səfər edərək, orada bir sıra infrastruktur obyektlərinin tikintisi, yaşayış kompleksində görülən işlərlə tanışlığı tezliklə Ağdam şəhərinə köklü sakinlərinin qayıdacağı, eyni zamanda "Qarabağ" klubunun da doğma şəhərinə dönəcəyi günün yaxınlaşdığından xəbər verir.
Bildiyimiz kimi, "Qarabağ" Bakıda "Azərsun Arena"da məşq edir, oyunlarının bir çoxunu da məhz burada keçirir. Bəs "köhlən atlar" evlərinə qayıtdıqları təqdirdə Bakıdakı stadionun aqibəti necə olacaq?
Oxu.Az-ın müvafiq sualına cavab olaraq "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev bildirdi ki, bu məsələyə yalnız komanda Ağdama köçəndən sonra baxıla bilər.
"Bu məsələ ilə bağlı hər hansı bir şey demək hələ tezdir. Bu mövzu "Qarabağ" gələcəkdə Ağdama köçəndən sonra gündəmə gətirilib müzakirə oluna bilər", - deyə A.Hacıyev bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il sentyabrın 19-da Ağdam şəhərində "İmarət" stadionunun təməlini qoyub. Stadionun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub.
11 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq. Stadionda UEFA tələblərinə uyğun VIP, "VIP lounge", konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün soyunma-geyinmə sahələri, media otaqları, muzey, şərhçi otaqları və digər inzibati, köməkçi sahələr olacaq. Stadionun ərazisində əlavə məşq meydançası, qaçış zolağı, avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri, texniki bina və qurğular inşa ediləcək. Şəhər əhalisi stadionun ərazisindən park, əyləncə zonası kimi də istifadə edə biləcək. Bu məqsədlə stadionda fitnes zalı, kafe, restoran, idman malları mağazaları və digər ictimai xidmət sahələrinin yaradılması nəzərdə tutulur.
Stadionda müasir monitorlar, nəzarət, giriş-çıxış, səs, işıqlandırma və digər kommunikasiya sistemləri quraşdırılacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Anar Həsənov
Seçilən
10
oxu.az

1Mənbələr