AZ

Qazaxıstan FHN əməkdaşları Azərbaycan təyyarəsinin qəza-xilasetmə əməliyyatında iştirakına görə təltif olundular

Astana, 19 fevral, AZƏRTAC

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirakına görə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən “Əməkdaşlığa görə” döş nişanı ilə təltif olunub.

AZƏRTAC Azərbaycanın Aktaudakı baş konsulluğuna istinadən xəbər verir ki, döş nişanlarının təqdim edilməsi məqsədilə fevralın 18-də Manqistau Vilayət Administrasiyasının binasında tədbir keçirilib.

Tədbirdə vilayət akimi, müavinləri, Qazaxıstan FHN-nin vilayət departamentinin rəisi və müavinləri, Aktau şəhərinin meri, bu ölkənin Daxili İşlər Nazirliyinin vilayət departamentinin rəisi və müavinləri, media nümayəndələri və digər rəsmilər iştirak ediblər.

Tədbirdə baş konsul Ayxan Süleymanlı çıxış edib.

Baş konsul çıxışında Qazaxıstan tərəfinin bu faciəyə həssaslıq nümayiş etdirdiyini, qəza baş verdikdən sonra dərhal axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik nümayiş olunduğunu, xəsarət alanlara təxirəsalınmaz tibbi yardım göstərildiyini, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin nəşlərinin ölkəmizə gətirilməsində, o cümlədən hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyini qeyd edib.

Ayxan Süleymanlı tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hadisə baş verən gün vilayət rəhbərliyi tərəfindən baş konsulluğun divarı önünə bir neçə masa qoyulub, üzərinə gül çələngləri düzülüb, konsulluğun divarına qazax dilində şüarlar yazılıb, ətrafda yaşayan qonşular ehsan məqsədilə müəyyən təamlar bişirib baş konsulluğa göndərib.

Xüsusi olaraq qeyd edilib ki, yaralılara qan vermək üçün yerli sakinlər xəstəxanaya gedərək könüllü qan veriblər. Vurğulanıb ki, çətin gündə ancaq qardaş xalq bu cür həmrəylik nümayiş etdirə bilərdi.

A.Süleymanlı çıxışının sonunda faciə zamanı göstərilmiş köməyə görə dövlətimiz və xalqımız adından, şəxsən öz adından Manqistau vilayətinin akimi Nurdaulet Kilıbaya, vilayətin güc strukturlarının rəhbərlərinə, əməkdaşlarına, tibb işçilərinə, hadisə zamanı ürəkdən yardım edən qardaş qazax xalqının nümayəndələrinə dərin təşəkkürünü bildirib və Azərbaycan xalqının qardaş qazax xalqının bu canıyananlığını heç vaxt unutmayacağını diqqətə çatdırıb.

Sonra baş konsul qəzaya uğramış təyyarəmizin sərnişinlərinin xilas edilməsi zamanı cəsarət, peşəkarlıq nümayiş etdirmiş Qazaxıstan FHN-in əməkdaşlarına döş nişanlarını təqdim edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
18
9
azertag.az

10Mənbələr