Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin ötən ilin dekabr ayının 25-də Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və ölkəyə gətirilərək Yeni Klinikaya yerləşdirilən şəxslərdən sonuncu pasiyent də xəstəxanadan buraxılıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Yeni Klinikanın Reanimasiya şöbəsinə qəbul olunaraq üzərində cərrahi əməliyyat icra olunan qadının vəziyyəti qənaətbəxş hesab edilib.
Bununla belə, pasiyentin tibbi reabilitasiyaya ehtiyacı olduğu nəzərə alınaraq müalicəsinin TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tibbi Reabilitasiya Mərkəzində davam etdirilməsinə qərar verilib.
Qeyd edək ki, bundan əvvəl Yeni Klinikadan Tibbi Reabilitasiya Mərkəzinə təxliyə edilən, orada müalicə alan digər iki nəfərin vəziyyəti qənaətbəxş hesab edildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Bir müddət əvvəl öz istəyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına köçürülən şəxs də bu gün ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, ambulator müalicə üçün evə yazılan hər bir şəxsin sağlamlıq durumu yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.