Həqiqətən də Tramp ağır tələblər irəli sürüb? Ukrayna Trampın sözügedən tələblərini, yoxsa Rusiyanın ərazilərlə bağlı şərtlərini qəbul edəcək?
Olaylar.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, hazırda Ukrayna ətrafında intensiv danışıqlar davam etməkdədir:
"Fevralın 18-də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətləri arasında görüş baş tutub. Masada Ukrayna mövzusu da var. Donald Trampın Ukrayna ilə bağlı mövqeyində müəyyən elementlər var ki, onlar Avropa tərəfindən dəstəklənmir. Bu da Avro-Atlantik Alyans daxilində fraqmentasiyaya səbəb olur.
Ukraynanın mineral resurslarından əldə olunan gəlirin 50 faizinin ABŞ tərəfindən mənimsənilməsi planına da Avropa birmənalı yanaşmayıb. Ukrayna Prezidenti Volodimir Zelenski də buna rədd cavabı verdi. Zelenskinin çıxışından məlum oldu ki, burada əsas məsələ Ukraynanın təhlükəsizliyidir. ABŞ təhlükəsizliyi təmin etmədiyi təqdirdə, sözügedən plan reallaşmayacaq".
Politoloqun sözlərinə görə, Zelenski bu planı 2024-cü ilin sentyabrında Donald Trampa təqdim edib:
"Həmin vaxtdan ABŞ rəhbərliyi həmin plana müəyyən dəyişiklik edib. İndiki versiyada bu layihə Ukraynanın bütün infrastrukturuna, limanlarına, mineral resurslarına ABŞ-ın nəzarətini özündə ehtiva edir. Bu rəsmi Kiyev üçün çox ağır şərtlərdir. Ukraynanın bunu qəbul edəcəyi gözlənilmir.
Rusiyanın da müəyyən şərtləri var. Zelenskinin mövqeyi isə heç bir halda Ukrayna ərazilərinin güzəştə gedilməməsindən yanadır. Hazırda Kiyev üçün ən uyğun variant atəşkəsin imzalanması, döyüşlərin dayandırılmasıdır. Bu Ukraynaya resurslarını bərpa edib, iqtisadi, hərbi imkanlarını daha da artırmağa kömək edəcək".