AZ

Zelenskinin sonu yaxınlaşır: Ukrayna təslimçi sülhə məcbur olur?

“Çox təəssüflər olsun  ki, Birləşmiş Ştatlarla Rusiya arasında Ukrayna ərazisinin bölüşdürülməsi ilə bağlı “sülh danışıqları” adı altında görüş keçirildi. Birləşmiş Ştatlar Rusiya ilə münasibətlərini normallaşdırmaqla bağlı addımlar atır və Ukraynanın müəyyən ərazilərinin Rusiyada qalması şərti ilə təbii sərvətlərinin istismar olunması üçün səy göstərir. Əlbəttə, bu, Ukrayna dövlətinin maraqlarına tamamilə ziddir”.
Bunu Moderator.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya  (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Siyasi şərhçi qeyd edib ki, Birləşmiş Ştatlarla Rusiya arasında Səudiyyə Ərəbistanında keçirilən görüş Ukrayna xalqına qarşı hörmətsizlikdir. Eyni zamanda  bu addım dünyada təhlükəli və mənfi   presedentin yaranmasına səbəb olur. Bundan sonra Avropa İttifaqı ölkələrinin toplantısı baş tutdu: “Əslində bu da Avropa İttifaqı tərəfindən Ukrayna ilə bağlı qeyri səmimi bir addım idi. Çünki Avropa İttifaqının, iqtisadi və siyasi lider ölkələri olan Fransa və Almaniya çox yaxşı başa düşür ki, Tramp bu hökumətlərə qarşı təzyiq xarakterli addımlarını daha da kəskinləşdirəcək və bu hökumətlərin devrilməsi ilə bağlı konkret addımlar atacaq. Bunun ilk siqnallarını Tramp inaqurasiya mərasimində verdi və  Avropada sağçı liderlərini inaqurasiya mərasiminə dəvət etməklə Fransa və Almaniyanın marianet hökumətlərinə “savaşa hazır olun” mesajı verdi. Ona görə də Avropa İttifaqı, xüsusilə Fransa Ukraynadan sadəcə olaraq kart kimi  istifadə etməklə Birləşmiş Ştatlara təzyiq aləti kimi müəyyən rıçaqlar formalaşdırmağa çalışır və Ukraynada bunu çox yaxşı başa düşür və ona görə də Zelenski tələsik və gecikmiş Ankara səfərini reallaşdırdı”.
Siyasi şərhçi əlavə edib ki, vaxtilə  Türkiyə prezidenti Ərdoğan Ukrayna və Rusiya tərəflərini  bir masa ətrafında İstanbulda topladı və hər iki tərəf Ərdoğanın bu addımını alqışlarla qarşıladı və sülh danışıqları ilə bağlı müsbət meyllər müşahidə olundu. Amma nə baş verdi? ABŞ , xüsusilə Britaniya, eyni zamanda Fransa Ukraynanı, sülh danışlarından yayındırdılar: “Nəticədə Rusiya tamamilə daha da aqressivləşdi və beləliklə də Ukrayna daha çox ərazilərini itirdi,  daha çox insan öldü. Bununla da düşmənçilik münasibətləri o həddə çatdı ki, ümumiyyətlə sülh danışıqlarının, daha doğrusu qalıcı sülh danışıqlarının nəticə verməsi qeyri -mümkündür. Və əslində məqsəd də bu idi. Bundan sonra isə Zelenskinin Ərdoğanın kölgəsinə sığınması gecikmiş addımdır və Türkiyəni də çətin vəziyyətdə qoyur. Çünki Rusiya tərəfi də son açıqlamasında bildirdi ki, Zelenski legitim dövlət başçısı deyil və Rusiya  bu mesajla onu dedi ki, Zelenski nə qədər hakimiyyətdə qalacaqsa, Rusiya Ukrayna ilə danışıqlara getməyəcək. Digər tərəfdən, Trampın da mövqeyi ondan ibarətdir ki, Ukrayna təslimçi sülhə məcbur edilməlidir və beləliklə də Ukrayna ərazilərinin müəyyən hissəsi Rusiyada qalmaqla Birləşmiş Ştatlar Rusiya üzərində təzyiqini saxlamağa nail olmalıdır.  Zelinski buna qəti etirazını bildirir və  o çox yaxşı bilir ki, Putin və Tramp növbəti mərhələdə Ukrayna üzərində müəyyən razılaşmanı əldə etmək üçün onu devirməyə çalışacaqlar. Növbəti mərhələdə biz bunu müşahidə edə bilərik. Buna görə də Zelenski  Ərdoğanın dəstəyinə ümid edir və Türkiyənin həm proseslərə təsir edən, həm də onun hökumətini qoruyan bir qüvvə kimi çıxış etməsinə çalışır".
Siyasi şərhçi hesab edir ki,Türkiyənin burada maraqları var və eyni zamanda Ukraynaya verdiyi silah dəstəyi, həmçinin Suriyadakı proseslərdən sonra Rusiya Türkiyə ilə soyuq münasibətləri nümayiş etdirir: “Ona görə də Rusiya ilə Birləşmiş Ştatlar arasında görüş Türkiyədə deyil, məhz Səudiyyə Ərəbistanında baş tutdu. Əlbəttə, Türkiyədə proseslərə seyrçi qalmaq niyyətində deyil və öz maraqlarına da uyğun olaraq Zelenski hökuməti ilə işləməyə çalışacaq. Amma Zelenski vaxtilə Ərdoğanın deyil, Birləşmiş Ştatların və digər Avropa ölkələrinin təhriki ilə Ərdoğanın təklif etdiyi xəttə  müsbət yanaşmadı. Nəticədə Türkiyəni indi çətin vəziyyətə qoyub. Hazırda elə bir gərgin vəziyyət var ki, Türkiyənin də həlledici aktor olaraq çıxması çox çətindir. Ona görə də Ukraynanın vəziyyəti çox təəssüflər olsun ki, gözlənildiyi kimi acınacaqlı bir mərhələyə gəlib çatıb və burada çıxış imkanları, çıxış yolları kifayət qədər çətindir. Mən belə düşünürəm ki, bundan sonrakı mərhələdə Zelenskinin hakimiyyətdən getməsi üçün Tramp və Putin ciddi fəaliyyət yürüdəcəklər. Çox böyük ehtimalla bu reallaşa bilər və nəticə etibarı ilə Birləşmiş Ştatlar başda olmaqla Ukraynanı təslimçi  sülhə məcbur etməyə çalışırlar və bundan sonra Ukraynanı çox çətin bir mərhələ gözləyir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
21
50
moderator.az

10Mənbələr