AZ

AFFA Premyer Liqanın yeni formatı ilə bağlı qərarını açıqladı

Bu gün SOCAR-ın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Arena.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə Peşəkar Futbol Liqasının hesabatı dinlənilib. Qurumun vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan Premyer Liqası, həmçinin Birinci və İkinci Liqalarda mövsümün gedişi barədə məlumat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb, təklif və rəylərini dinləyib.

Ardından Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib. Qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. 3-cü dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək. Cari mövsümdə Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək. Əvəzində Birinci Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

2024/2025-ci illər mövsümündə Birinci Liqada sonuncu yeri tutmuş klub İkinci Liqaya düşəcək, İkinci Liqadan isə ilk 3 yeri tutmuş komanda birbaşa Birinci Liqaya yüksələcək. Birinci Liqada 9-cu yeri və İkinci Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək. Qalib komanda Birinci Liqada mübarizə aparmaq hüququ qazanacaq.

Qeyd edək ki, cari mövsümün sonunda Birinci Liqadan Premyer Liqaya 3 komanda yüksələcəyindən, belə bir sistem tətbiq olunacaq.

İcraiyyə Komitəsində qərara alınıb ki, 2025/2026-cı illər mövsümündə Premyer Liqada sonuncu yeri tutan klub Birinci Liqaya düşsün, Birinci Liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazansın. Premyer Liqada 11-ci yeri və Birinci Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.

2025/2026-cı illər mövsümündə Birinci Liqada sonuncu yeri tutan komanda İkinci Liqaya düşəcək, İkinci Liqada birinci yeri tutan komanda birbaşa Birinci Liqaya yüksələcək. Birinci Liqada 9-cu yeri tutan komanda İkinci Liqada 2-ci yeri tutan kollektivlə neytral meydanda bir oyundan ibarət pley-off oyunu keçirəcək.

Seçilən
66
28
arena.az

10Mənbələr