AZ

Politoloq Şahin Cəfərli: "ABŞ içərisində 2 ABŞ var"

"Respublikaçıların ağır toplarından biri, Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker (Roger Wicker) Trampın mövqeyi ilə razılaşmayıb. "Ukrayna ilə bağlı danışıqlarda Putinə güvənmək olarmı" sualına Uiker belə cavab verib: "Xeyr. Putin hərbi canidir və beynəlxalq hüququn bütün normalarını pozub. O, ittiham olunmalı, məhkəməyə verilib həbsə atılmalı, hətta edam edilməlidir"".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, R.Uiker respublikaçıların ənənəvi, reyqanist qanadının təmsilçisidir: "Lakin partiya xeyli vaxtdır bu xətdən uzaqlaşaraq ultrasağçı radikalların nəzarətinə keçib. Bu, içərisində rasizm, neofaşizm elementlərini də ehtiva edən, rednek kültürünün mühüm rola sahib olduğu, dünyaya konspiroloji baxış bucağından yanaşan, beynəlxalq əlaqələrdə özünütəcrid tərəfdarı olan cərəyandır. Bunlar artıq respublikaçıların meynstrimidir, tradisionalistlər isə yalnız Konqresdə mövqelərini müəyyən dərəcədə qorumaqla sosial dayaqlarını itirərək marginallaşıb".

Ekspertin fikrincə, respublikaçıların radikallaşmasında demokratların sosializmə, ifrat sol liberalizmə doğru tədrici transformasiyası da rol oynayır: "Fizikanın "təsir əks təsirə bərabərdir" qanunu işə düşüb. Demokratların azlıq (cinsi və digər) hüquqlarına həddən artıq aludə olması və bunu təşviq edən siyasəti, çoxlu sayda miqrantların ölkəyə qəbulu və cəmiyyətə inteqrasiyasına niyyətli olmaları ABŞ toplumundakı ağ mühafizəkarları azalmaqda olan demoqrafik ağırlıqlarını və ənənəvi dəyərləri qoruyub saxlamaq naminə müdafiə mexanizmləri qurub inkişaf etdirməyə sövq edir.

Uzun sözün qısası, ABŞ hazırda vətəndaş müharibəsi dövründəkindən daha kəskin şəkildə qütbləşmiş bir ölkədir. ABŞ içərisində 2 ABŞ var. Yeni bir vətəndaş qarşıdurmasını əngəlləyən əsas faktor hər iki düşərgədən olan insanların demokratik üsullarla öz hüquqlarını təmin edib, federal hakimiyyətin başına öz nümayəndələrini gətirmək imkanlarının davam etdiyinə olan inamlarının hələ itməməsidir.

ABŞ yalnız hər iki partiyada mərkəzçi mötədillərin silkələnərək təkrar özünə gəlməsi nəticəsində normallaşa bilər - əgər belə bir şans və ehtimal qalıbsa...".

Samir Musayev

Mia.az

Seçilən
15
1
mia.az

2Mənbələr