AZ

“Təmiz Şəhər” "zibil" kimi idarə olunub - Yoxlamanın nəticəsi elan edildi

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin yol verdiyi bir sıra nöqsanlar üzə çıxıb.

Təhlükəsiz tullantıların “Bakı Tullantıların Enerjiyə Çevrilməsi Layihəsi” üzrə bağlanılmış 2008-ci il 15 dekabr tarixli Müqavilə şərtlərinə uyğun kalorifik dəyərlə Yandırılma zavoduna təhvil verilməməsi istehsal edilmiş elektrik enerjisinin miqdarına mənfi təsirlərə, eləcə də yandırılma prosesi üzrə enerji və qazdan istifadə səviyyəsinin artmasına səbəb olmaqla yanaşı Bakı şəhəri üzrə müvafiq tullantıların qəbulu və yandırılmaya yönəldilməsi işinin təkmilləşdirilməli olan tərəflərini bir daha təsdiq edib.

“Təmiz Şəhər” ASC-yə zərərsizləşdirilməsi üçün ümumilikdə 101,4 min ton miqdarında tullantını təhvil vermiş 25 qeyri-dövlət sahibkarlıq subyektinin faktiki olaraq tullantıların daşınması xidmətləri ilə məşğul olduğu, eyni nəqliyyat vasitəsi ilə 2-3 sahibkarlıq subyektinin tullantı daşıdığı hallarının mövcudluğu şəraitində tullantıların daşınmasında istifadə edilən ümumilikdə 108 nəqliyyat vasitəsindən 84-nün məişət tullantıları daşınan yük avtomobili xüsusi nəqliyyat vasitəsi olmadığı, Bakı şəhərində təhlükəsiz tullantıların daşınması ilə ixtisaslaşmayan (təhlükəsizlik normalarına cavab verməyən) şəxslərin də məşğul olduğu, eyni zamanda, qeydiyyatı tullantıların yığılması və daşınması fəaliyyətinə aid 2021-ci ildə 181, 2022-ci ildə 243, 2023-cü ildə 311 aktiv vergi ödəyiciləri tərəfindən “Təmiz Şəhər” ASC-yə hər-hansı tullantı təhvil verilmədiyi müəyyən edilib.

Özəl audit təşkilatlarının hesabatları nəzərə alınmaqla “Təmiz Şəhər” ASC tərəfindən 2020-ci ildə 2,6 mln. manat, 2021-ci ildə 0,3 mln. manat və 2023-cü ildə 5,2 mln. manat məbləğində vəsaitlərin artıq ödənilməsi müəyyən edilmiş, artıq ödənilmiş həmin məbləğlərin, müvafiq olaraq növbəti illərdə Yandırılma zavodunun operatoru tərəfindən ASC-nin hesablaşma hesabına qaytarılmasına baxmayaraq dövlət büdcəsindən ayrılan subsidiya məbləğlərinin müvafiq həddlərdə azaldılması üçün aidiyyəti üzrə təşəbbüslər irəli sürülməmiş və dövlət büdcəsinin vəsaitlərinə qənaət edilməsi imkanlarından istifadə edilməmişdir.

Tikintisi aidiyyəti dövlət qurumları, o cümlədən Bakı ŞİH, eləcə də ETSN ilə müvafiq qaydada razılaşdırılması şəraitində “Təmiz Şəhər” ASC tərəfindən bağlanılaraq hesablaşmalar aparılmış satınalma müqavilələrinin predmetləri kimi təhlükəli tullantılar poliqonunun yerli və beynəlxalq standartlara uyğun layihə-smeta və digər sənədlərinin hazırlanmasından sonra ETSN tərəfindən (11.09.2023-cü il tarixli məktubla) Böyükşor gölünün mühafizə zonasında Təhlükəli Tullantılar Poliqonunun tikintisinin məqsədəuyğun olmadığı və alternativ variantların nəzərdən keçirilməsinin məqsədəuyğun hesab edildiyi bildirilmişdir ki, bu da müvafiq tullantıların Bakı şəhəri üzrə zərərsizləşdirmə infrastrukturunun genişləndirilməsinin yubadılması ilə yanaşı ümumilikdə 669,1 min manat məbləğində dövlət vəsaitinin də səmərəsiz xərclənməsini şərtləndirmişdir.

“Təmiz Şəhər” ASC tərəfindən təhlükəli tullantıların zərərsizləşdirilməsi fəaliyyətinin həyata keçirilməsi müvafiq qaydada razılaşdırılmadan “Təhlükəli tibbi tullantılarının sterilizasiyası avadanlığının alınması” predmeti üzrə 1,5 mln. manat məbləğində satınalma müqaviləsinin bağlanılmasına yol verilmiş və icra olunmuş ödənişin müqabilində 2 ədəd təhlükəli tibbi tullantıların sterilizasiyası avadanlığının alınmasına baxmayaraq quraşdırılması təmin edilməmişdir ki, bu da dövlət vəsaitlərinin hüquqi mandata uyğun olmayan istiqamətlərdə səmərəsiz və nəticəsiz xərclənməsi deməkdir.

MİA.AZ

Seçilən
82
14
mia.az

10Mənbələr