AZ

Xəzər İqtisadi Forumu regionda əlaqələri gücləndirəcək

Fevralın 18-də İran İslam Respublikasının paytaxtı Tehranda III Xəzər İqtisadi Forumu keçirilib. Forum çərçivəsində keçirilən danışıqlarda Xəzərdə beştərəfli əməkdaşlığın bir sıra mühüm məsələlərinə diqqət yetirilib.

Xəzər İqtisadi Forumu ilk dəfə 2019-cu il avqustun 11-12-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilib. Toplantının fəaliyyət təşəbbüskarı da elə bu ölkənin keçmiş Prezidenti Qurbanqulu Berdiməhəmmədov olub. O, I forumda çıxış edərək toplantını “çoxtərəfli iqtisadi dialoq üçün daimi platforma” kimi dəyərləndirib və hər il növbə ilə Xəzəryanı dövlətlərdə keçirilməsini təklif edib. Lakin 2020-ci və 2021-ci il forumları COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.

II Xəzər İqtisadi Forumu 2022-ci il oktyabrın 5-6-da Moskvada keçirilib. Forumda həm Xəzər beşliyinə daxil olan dövlətlərdən, həm də bəzi qonşu ölkələrdən (xüsusən Belarus, Qırğızıstan və Özbəkistandan) 1000-dən çox nümayəndə iştirak edib. Toplantıda birgə nəqliyyat, enerji, ekoloji və digər layihələr müzakirə olunub. Forumda əsas diqqət Şimal–Cənub nəqliyyat dəhlizinin inkişafına yönəldilib, eyni zamanda, Həştərxan və Mahaçqalada Xəzər dənizi sahilində nəqliyyat infrastrukturunun yaradılması, eləcə də İran–Azərbaycan–Rusiya marşrutu üzrə daşımaların həyata keçirilməsi ilə bağlı dəhlizin inkişafına dair bir sıra layihələr təqdim olunub.

Ötən müddət ərzində Xəzər İqtisadi Forumu iştirakçı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrilib, Xəzəryanı dövlətlərin başçıları tərəfindən sülh, harmoniya, mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq dəhlizi kimi dəyərləndirilib. Bundan əvvəl 2022-ci ildə Moskvada keçirilmiş ikinci forumun Birgə Kommünikesində ticarət dövriyyəsinin artırılması, regionun investisiya cəlbediciliyinin və Xəzəryanı dövlətlərin iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsi tərəflər qarşısında mühüm vəzifələr kimi qoyulub.

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizlə Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib və respublikamızın forumun iştirakçı ölkələrlə ticarət dövriyyəsinin 2024-cü ilin sonunda 6 faizdən çox artdığını sevindirici hal kimi qiymətləndirib. 2018-ci ildə Aktauda imzalanan Xəzəryanı dövlətlərin hökumətləri arasında iqtisadi-ticari əməkdaşlıq haqqında Sazişin 2023-cü ildə qüvvəyə minməsinin vacibliyini diqqətə çatdıran Baş nazir bu sazişin həyata keçirilməsinin ticarət, sənaye, kənd təsərrüfatı, turizm sahələrində və digər sektorlarda praktik tədbirlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Forumda Xəzəryanı dövlətlər arasında müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətin bir sıra formatları və mexanizmlərinin mövcudluğu, sahəvi əməkdaşlıq üzrə möhkəm müqavilə-hüquqi bazanın yaradıldığı, ən yüksək səviyyədə qəbul edilmiş qərar və razılaşmaların həyata keçirilməsi istiqamətində ciddi iş aparıldığı diqqətə çatdırılıb. Eyni zamanda, 2018-ci ildə Aktauda imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın Xəzərdə hərtərəfli əməkdaşlıq üçün baza sənədi kimi mühüm önəm daşıdığı bildirilib.

Yuxarıda qeyd etdik ki, 2022-ci ildə keçirilən II Xəzər İqtisadi Forumundan sonra nəqliyyat sektorunda regionun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün əlverişli şərait yaradan mühüm razılaşmalar əldə edilib. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizləri yeni inkişaf mərhələsinə daxil olub.

Xatırladaq ki, regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycan ərazisindən keçən Şərq–Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur və Çin–Qazaxıstan sərhədindən Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə malikdir. Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin yükdaşımalara çəkilən xərclərə qənaət etməyə imkan verir.

Marşrutun ölkəmiz üçün üstünlüklərinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu, Azərbaycanın tranzit potensialından maksimum istifadə olunmaqla tranzit imkanlarını artırmaq, xüsusilə də Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə daşınacaq yükün həcminin artırılması və bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək üçün mühüm addımdır. Dəhlizin ölkəmizin ərazisindən keçməsi tranzit yüklərin həcminin çoxalması ilə müşahidə edilməkdədir.

Xəzər İqtisadi Forumu Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrilib. Bundan əvvəl 2022-ci ildə Moskvada keçirilmiş II forumun Birgə Kommünikesində ticarət dövriyyəsinin artırılması, regionun investisiya cəlbediciliyinin və Xəzəryanı dövlətlərin iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsi tərəflər qarşısında mühüm vəzifələr kimi qoyulub.

III Xəzər İqtisadi Forumunda bir sıra mühüm məsələlərə də toxunulub. Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığının artırılmasının zəruri olduğu, bunun üçün müvafiq katibliyin yaradılmasına ehtiyac yarandığı bildirilib. Forumda Xəzəryanı dövlətlərin böyük karbohidrogen ehtiyatlarına və neft–qaz sahəsində böyük təcrübəyə malik olduqları , neft və qaz yataqlarının aşkar edilməsində, hasil olunmasında, istehsalında, tədarükündə və ixracında geniş təcrübə qazanan bu dövlətlərin əməkdaşlığının perspektivdə gücləndirilməsinin mühüm önəm daşıdığı vurğulanıb.

İranın neft nazirinin beynəlxalq əməkdaşlıq üzrə müavini Seyid Əli Məhəmməd Müsəvi toplantıdakı çıxışında bildirib ki, təcrübə mübadiləsi tərəflər üçün faydalıdır: “Misal üçün, Azərbaycanın yataqdan neft və qazı eyni vaxtda çıxarması, borularla dünya bazarına ixrac etməsi sahəsində böyük təcrübəsi var. Qazaxıstan neft hasilatında, Rusiya isə neft və qazın istehsalında texnoloji təcrübəyə malikdir. Təcrübə mübadiləsi tərəflər üçün faydalı olar. Hər bir Xəzəryanı dövlətin neft və qaz sahəsində texniki və ixtisaslaşmış imkanı var. Bunları bölüşərək Xəzəryanı hər bir dövlət regional inkişafa töhfə verməklə yanaşı, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında səmərəli rol oynaya bilər”.

Azərbaycan iqtisadi, ticari və nəqliyyat sahələrində regional mövqeyini gücləndirmək məqsədilə müxtəlif formatlarda və platformalarda görüşlərin keçirilməsinə və qarşılıqlı dialoq əsasında əlaqələrin qurulmasına əhəmiyyət verir. İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən III Xəzər İqtisadi Forumu da Xəzər dənizi ətrafında yerləşən ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində əhəmiyyətə malikdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Nicat Hacızadə bildirib ki, Xəzəryanı ölkələri öz ətrafında birləşdirən Xəzər İqtisadi Forumu nəqliyyat, tranzit, ticarət, bank sahələrində əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi üçün Azərbaycana əlavə fürsətlər yaradır. Rusiya və Qazaxıstanla MDB, Qazaxıstan və Türkmənistanla Türk Dövlətləri Təşkilatı (TDT), İran İslam Respublikası ilə D-8 çərçivəsində əməkdaşlığı Azərbaycanı Xəzər İqtisadi Forumunda şaxəli diplomatik əlaqələrə malik ölkə kimi xarakterizə edir. Bu baxımdan, Xəzər İqtisadi Forumunda Azərbaycanın iqtisadi diplomatik gücünü daha səmərəli və təsirli hesab etmək olar.

N. Hacızadənin sözlərinə görə, Azərbaycanın əsas ticarət tərəfdaşları arasında yer alan Xəzəryanı ölkələrlə qeyri-resurs mənşəli xarici ticarət əlaqələrinin dinamikası son illər artmaqdadır. Ölkəmizin regionda əsas nəqliyyat qovşağına çevrilməsi, qərb bazarlarına çıxış üçün alternativ və unikal dəhliz funksiyalarını yerinə yetirməsi Xəzər İqtisadi Forumunda Azərbaycanın mövqeyini göcləndirir.

Digər tərəfdən, bir sıra regionlarda geosiyasi və iqtisadi şəraitin dəyişməsi fonunda Azərbaycan Xəzəryanı ölkələr arasında investisiya mühitinə və yeni istehsal müəssisələrinin yaradılması imkanlarına görə digər respublikalardan fərqlənir.

İİTKM-in şöbə müdiri diqqətə çatdırıb ki, 2024-cü ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına Xəzəryanı ölkələr tərəfindən 400 milyon ABŞ dollarına yaxın birbaşa xarici investisiya qoyuluşu həyata keçirilib. Bu göstərici ümumi xarici sərmayə axının, təxminən, 10 faizə yaxın hissəsinə bərabərdir. Şübhəsiz, son 10 ildə Xəzəryanı ölkələrin müəyyən hissəsinin iqtisadi dalğalanmalara məruz qalması inflyasiya və investisiya göstəricilərinə təsir göstərib. Bu baxımdan, Xəzər İqtisadi Forumu qarşılıqlı investisiya mübadiləsinin artırılması baxımından əhəmiyyətli platforma hesab edilə bilər.

Forumda çıxış edən Baş nazir Əli Əsədov Xəzərin dayazlaşması problemi, nəqliyyat dəhlizləri və regionda təhlükəsizlik məsələlərindən danışıb. O, Xəzəryanı ölkələr arasında xarici ticarət əlaqələrinin perspektivinə də toxunub. Belə ki, 2024-cü ildə Azərbaycanla Xəzəryanı ölkələr arasında xarici ticarət dövriyyəsi 2023-cü ilə nəzərən 6,2 faiz artaraq 6,3 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ümumi ticarət dövriyyəsinin 13,2 faizini təşkil edir. Bundan əlavə, Azərbaycanın Xəzəryanı ölkələrə ixrac dövriyyəsi 1faiz artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.

N.Hacızadə əlavə edib ki, Xəzər İqtisadi Forumunda Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində Azərbaycanın rolu xüsusi vurğulanıb. Bildirilib ki, ölkəmiz nəqliyyat infrastrukturunun müasirləşdirilməsi hesabına bu dəhlizlərin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər yatırır. Bu dəhlizlər Azərbaycanın regional logistika qovşağı kimi əhəmiyyətini də artıraraq, ölkəmizin təkrar ixrac rolunu da yüksəldə bilər.

V. BAYRAMOV
XQ

 

Seçilən
25
2
xalqqazeti.az

4Mənbələr