Ağdam, 20 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Ağdam şəhərində inşa edilən 1 nömrəli tam orta məktəb və uşaq bağçası bunun daha bir nümunəsidir.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, ümumi sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbəli olmala 960 şagird yerlikdir. Təməli 2021-ci ildə qoyulan məktəbin inşasının 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı, tibb və inzibati otaqlar olacaq.
160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb. Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq.
Ağdam şəhərində inşa olunan orta məktəb və uşaq bağçası Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin müasir standartlara uyğun təhsil almalarına xidmət edəcək.
Sənan Mənsimli bildirib ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Şuşa, Xankəndi, Füzuli şəhərlərində, Xocalı və Ağdərə rayonlarında məktəblər istifadəyə verilib. Hazırda Ağdərədə 1, Xocalıda 1, Xankəndidə 1, Ağdamda 3 məktəbin tikintisi başa çatmaq üzrədir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə və uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar.