"Azərbaycanda dövlət səviyyəsində ana dilimizə böyük qayğı var. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Belə ki, Heydər Əliyev Sovet dönəmində rus dilinin dövlət dili statusunda olduğu zaman Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub". "Olaylar" xəbər verir ki, bunu Mili Məclisin deputatı Samir Vəliyev deyib: "Ulu Öndərin ana dilimizə qayğısı müstəqillik dövründə daha böyük vüsət alıb. 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Ümummilli Lider müvafiq Fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda latın qrafikalı əlifbaya tam keçid reallaşıb. Eləcə də, o zamandan 1 avqust ölkəmizdə Ana Dili və Əlifba Günü kimi qeyd edilir. 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməkdədir. Dövlət başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamları, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31