Bakı, 20 fevral, AZƏRTAC
AMEA-nın fevralın 20-də keçirilən Ümumi yığıncağında elm və təhsil naziri Emin Əmrullayev müəssisələr tərəfindən nazirliyə təqdim edilən faktiki qəbul sayının (doktorant qəbuluna görə) müdafiə edənlərin sayından çox olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, nazir elmi tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atıldığını bildirib.
“Elmi dərəcə ilə elmi fəaliyyət arasındakı əlaqəni ciddi şəkildə monitorinq etməyə başlamışıq. Elmi dərəcəsi olan şəxslərin statusu yox, sonrakı fəaliyyəti daha çox diqqətimizdədir. Otuz-otuz beş yaşında elmi adı alan alim bütün ömrü boyu bu addan istifadə etməməlidir. Bütün bunlar artıq razılaşdırma mərhələsində olan yeni dövlət proqramında öz əksini tapacaq”, - deyə Emin Əmrullayev əlavə edib.