Bakı, 20 fevral, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasında daha bir eskalator 2025-ci ilin planı üzrə əsaslı təmirə dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani bildirib.
Onun sözlərinə görə, artıq təmir sahəsində təhlükəsizliyin təmin olunması, o cümlədən stansiyada tikililərin, üzlüklər və vestibülün zədələnməməsi üçün zəruri tədbirlər həyata keçirilib. Əraziyə lazımi materiallar, ehtiyat hissələr, tərtibat və alətlər gətirilib, məsul şəxslər və aidiyyəti işçilər təlimatlandırılıb.
“İlk mərhələdə eskalatorun lent zolağının sürahi elementləri və pillələr demontaj olunacaq, dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərrik çıxarılacaq. Qovşaq, hissə və elementlər təftiş üçün təmir sahəsinə göndəriləcək. Diaqnostika və normativ müayinələr əsasında yararsız hissələr müvafiq ölçü və standartlar üzrə yenilənəcək, təmirə yararlılar isə bərpa olunacaq. Təmir işlərinin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulur”, - deyə departamentin rəisi vurğulayıb.
O əlavə edib ki, yenidən yığılan eskalator diaqnostik yoxlamadan keçiriləcək, müvafiq tələb və standartlara uyğunluğu qiymətləndirildikdən sonra istismara qəbul ediləcək.
Bundan başqa, Yaşıl xəttin “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidində istismar müddətini başa vurmuş divar və döşəmə üzlüklərinin dəyişdirilməsinə başlanıldığı deyən Şaban İmkaninin sözlərinə görə, sərnişinlərin və keçiddən istifadə edənlərin rahatlığı nəzərə alınaraq, eyni istiqamətdə yerləşən pilləkən zonaları mərhələli təmir olunacaq: “Hərəkət təhlükəsizliyi tələblərinə uyğun olaraq çıxışın pilləkən qəfəslərindən birində, işlər tamamlandıqdan sonra digərində təmirə başlanılacaq. Yerüstü sahədə - keçidin texniki zonasında park edilən avtomobillərin yarada biləcəyi təhlükələrə qarşı mühafizə tədbirləri görüləcək”.