AZ

Xviça Kvaratsxeliya ÇL-də bunu bacaran ilk gürcü futbolçu oldu

UEFA Çempionlar Liqasının (ÇL) 1/16 final mərhələsinin “Brest”lə cavab oyunu PSJ-nin vingeri Xviça Kvaratsxeliya üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, cinah hücumçusu ÇL-in pley-off mərhələsində qol vuran ilk gürcü futbolçu kimi tarixə düşüb.

Bu barədə “Opta Sports” teleqram kanalı məlumat yayıb. Kvaratsxeliya 39-cu dəqiqədə komandasının ikinci qolunu vurub. PSJ ilk oyunda 3:0 hesabıyla yendiyi “Brest”i cavab oyununda 7:0 hesabıyla məğlub edib. Beləliklə, parislilər iki oyunun ümumi hesabında 10:0 qalib gələrək, 1/8 finala yüksəliblər.

PSJ Kvaratsxeliyanı bu il yanvarın 17-də heyətinə qatıb. Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilə qədər qüvvədə olacaq. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi “Napoli”dən keçib. Mətbuatda PSJ-nin Kvaratsxeliyanı əlavə üstəliklər nəzərə alınmadan 70 milyon avro məbləğ müqabilində satın aldığı barədə məlumat yayılıb.

Xviça indiyə qədər PSJ-nin heyətində 7 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, “Napoli” gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatmışdı. Xviçanın İtaliya klubu ilə müaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Cari mövümdə “Kvara” “eşşəkciklər” üçün 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 107 oyun, 30 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 40 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Seçilən
24
2
arena.az

10Mənbələr