AZ

Münhen Konfransı: Qlobal güc balansı dəyişir- ÖZƏL

Ötən günlərdə Almaniyanın ev sahibliyi etdiyi 61-ci Münhen Təhlükəsizlik Konfransı öz işini başa vurub. Üç gün davam edən konfransda dünyanın 60-dan çox dövlət və hökumət başçısı iştirak edib və qlobal xarakter daşıyan problemləri müzakirə edib, gələcək perspektivləri nəzərdən keçiriblər. Münhen Təhlükəsizlik Konfransı dünya siyasətində mühüm dəyişikliklərin baş verdiyini bir daha təsdiqlədi. Avropanın təhlükəsizlik sistemi zəifləyir və artıq ABŞ-ın müdaxiləsinə tam zəmanət vermək mümkün deyil. Bu fonda Ukrayna ilə bağlı qərarlar daha çox ABŞ və Rusiya arasında gizli razılaşmalar əsasında formalaşır ki, bu da Avropanın maraqlarına uyğun gəlmir. Konfransda ABŞ-ın vitse-prezidenti Vensin Avropa siyasətinə sərt tənqidləri ciddi qalmaqala səbəb olub və transatlantik münasibətlərdə fikir ayrılıqlarını daha da dərinləşdirib. Bütün bunlar qlobal güclər arasındakı balansın sürətlə dəyişdiyini və beynəlxalq münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.

Mövzu ilə bağlı fikirlərini Olaylar.az-a bölüşən Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyəti sədrinin müavini, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirib ki, Münhen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, ABŞ həmişə Avropanı nəzarətdə saxlamağa çalışıb və bu tendensiya tarixi proseslərdə də özünü göstərib:

"Münhen Təhlükəsizlik Konfransı onsuz da bəlli olan, ətrafında müzakirələr gedən məsələlərlə bağlı daha da müəyyənlik yaratdı. Yəni Münhen Təhlükəsizlik Konfransına qədər də bəlli idi ki, Amerika Birləşmiş Ştatları Avropanı həmişə özünün nəzarəti altında saxlamağa çalışır. Bu bir yenilik deyil. Ola bilsin ki, Avropada müəyyən bir zaman mərhələsində kimlərsə özünü aldadaraq Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu müttəfiq olduqlarını düşünsünlər. Amma bu heç vaxt belə olmayıb. Təsadüfi deyil ki, Birinci və İkinci Dünya Müharibəsindən ən böyük qazancla Amerika Birləşmiş Ştatları çıxdı. Birinci Dünya Müharibəsi dövründə Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı çox zəif idi, amma  müharibədən sonra ABŞ iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Böyük Britaniya və Fransa  Amerika Birləşmiş Ştatlarına borclandılar. Ən böyük gəlirlə ABŞ çıxdı və bunun ardınca İkinci Dünya Müharibəsinin başlanması üçün şərtlər təmin edildi. Yenə də burada  Amerika Birləşmiş Ştatları daha üstün vəziyyətdə çıxmağı ümid edirdi və həqiqətən də belə oldu. Yəni bu üstünlük Avropanın üzərində baş verdi. İkinci Dünya müharibəsindən sonra Amerika Birləşmiş Ştatları müxtəlif layihələr adı altında Avropanın iqtisadiyyatını demək olar ki, öz nəzarəti altına sala bildi. Avropada da həmişə  Amerika Birləşmiş Ştatlarının tək yeganə müttəfiqi var. Bunu da yenə bərabərhüquqlu müttəfiq adlandırmaq olmaz. Böyük Britaniya Amerika Birləşmiş Ştatlarının ən etibarlı tərəfdaşı olub. 1946-cı ildə Böyük Britaniyanın baş naziri Çörçilin yəni Fransa rəhbərinin deyil və yaxud da ki, İspaniya, Portuqaliya, İtaliya rəhbərinin deyil, məhz Böyük Britaniya rəhbərinin Fultonda nitq söyləməsi və SSRİ-yə qarşı Avropa ölkələrini səfərbər etməyə çağırış etməsi Amerika Birləşmiş Ştatlarının planı idi. Yəni Çörçill Avropanı qorxutdu ki, SSRİ-nin qarşısında   duruş gətirə bilməz və Amerika ilə birlikdə SSRİ-yə qarşı soyuq müharibə başlandı".

Elşad Mirbəşiroğlu qeyd edib ki, dünyada güc balansı dəyişir, ABŞ və Rusiya qlobal proseslərin əsas müəyyənedicisinə çevrilir, Avropa isə NATO-dan kənar müdafiə sistemi qurmağa çalışır.

"Hadisələr başqa formatda, başqa kaloritdə demək olar ki, təkrarlanır. Yəni indi tutaq ki, iştirakçıların biri Almaniya deyil, artıq Ukrayna oldu. Biz vaxtında da dəfələrlə qeyd etmişik ki, bu müharibəni Rusiya-Ukrayna müharibəsi adlandırmaq doğru deyil. Bəzən bu cür yanaşmaya görə fərqli baxışlara da rast gəlmək olur. Amma bu, Qərblə Rusiyanın arasında olan müharibə idi. Sadəcə coğrafiya olaraq Ukrayna seçilmişdi və Qərb düşünürdü ki, Ukrayna kimi zəngin torpaqlara sahib olan bir coğrafiyanı öz nəzarəti altına götürə biləcək və o cəbhədə də Rusiyanı tamam zəiflədəcəkdi. Amma  bu baş vermədi. Yəni bunu kimsə istəsə də, istəməsə də, bu, bizim istəyimizdən asılı deyil. Proseslər tamam başqa məcradadır, tamam başqa əlamətlərlə müşahidə olunmaqdadır. Qərbin gözləntiləri baş vermədi və artıq həm Avropanın özündə, həm Amerikada hesab edirlər ki, Ukraynaya yönəldilən xərclər əbəsdir. İndi onu geri qaytarmaq haqqında düşünürlər. Yəni Ukrayna üzərindən Qərb eksperiment apardı, ənənəvi, geosiyasi rəqibini məhz Ukrayna cəbhəsində məğlub etməyə çalışdı. Birmənalı olaraq bu baş vermədi və görünən reallıq ondan ibarətdir ki, baş verməyəcək. İndi bu vəziyyətdə əsas məsələ tamam başqadır. Düşünürlər ki, indiki vəziyyətdə kim siyasi simasını qoruya biləcək və daha çox siyasi və iqtisadi dividendlə çıxış edəcək. Dünyanın lider ölkəsi olaraq Amerika Birləşmiş Ştatları yenə də proseslərin əsas idarəedicisi qismindədir. ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında davam edən bir saat yarımlıq telefon danışığı göstərdi ki, Demokratların administrasiyası vaxtında Amerikanın da Rusiyanı təcrid etmək cəhdləri tamamilə iflasa uğradı. Yəni bu gün də hətta Ukraynanın özünün də yaxından iştirakı olmadan  dünyanın əsas aqibətini Amerika Birləşmiş Ştatları ilə Rusiya müəyyənləşdirir. Məhz Rusiya prezidentinə zəng etdikdən sonra Amerika prezidenti Zelenski ilə danışdı. Yəni bu çox vacib məsələdir. Öncə Zelenski ilə danışıb, sonra Vladimir Putinlə danışmış olsaydı, məsələyə fərqli yanaşmaq olardı. Deməli, burada əsas Rusiyanın maraqlarının nəzərə alınması istəyi mövcuddur və yaxud da ki, başqa yol olduğunu görmür. Ona görə də onun ardınca da Zelenski ilə danışır və ABŞ vitse prezidenti Ceyms Devid Vens Münhen Təhlükəsizlik Konfransının tribunasından əsas ittihamlarını Avropaya yönəldir və buradan hansı nəticələri çıxarırıq? Dünyada qısa zaman kəsiyində çox kardinal dəyişikliklər baş verəcək və BBC-nin müxbiri də onu qeyd edir ki, biz əvvəlki formatda Avroatlantik əməkdaşlıq sistemini artıq görməyəcəyik. Bəlkə də belə bir sistem olmayacaq. Onsuz da bu sistem formal xarakter daşıyırdı. Yəni Avroatlantik əməkdaşlıq sistemində Amerika Birləşmiş Ştatlarının dominantlığı var idi və bu bərabərhüquqlu əməkdaşlıq deyildi, Avropa da ABŞ-nin qlobal liderlik strategiyasına xidmət edirdi və belə olan halda biz Rusiya ilə ABŞ-nin dünyada əsas söz sahibi statusuna  sahibləndiyini görməkdəyik. Sözsüz ki, burada Çinin də rolu danılmaz olacaq və bu gün dünyanın mənzərəsini müəyyən edən geosiyasi mənzərəsini və bundan sonrakı siyasi proseslərin məntiqini təyin edən tərəf Amerika Birləşmiş Ştatları və Rusiya olacaqdır. Eyni zamanda, Çinin də müəyyən çərçivədə rolu olacaqdır. Bu bu gün müşahidə etdiyimiz bir reallıqdır. Yəni bu gün bunu inkar edəcək tutarlı faktlar, arqumentlər hələlik mövcud deyil və Münhen Təhlükəsizlik Konfransında da biz bunu açıq şəkildə gördük. Artıq Avropa ölkələri NATO-dan kənar müdafiə sistemi qurmaq istəyirlər. Deməli, İkinci Dünya Müharibəsindən sonra Qərbdə mövcud olan təhlükəsizlik arxitekturası da tamamilə iflasa uğramaqdadır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr