Rospotrebnadzor Saxalin vilayətində qrip virusunun məməlilərə yoluxma qabiliyyətini artıra bilən mutasiyasını aşkar edib.
OXU24.COM xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
"2024-cü ildə təcrid olunmuş bütün viruslar 2.3.4.4b kateqoriyasına aiddir və Saxalin vilayətində quşlardan təcrid olunmuş quş qripi A (H5N1) virusu istisna olmaqla, artan patogenlik və ya dərmana davamlı mutasiyaları ehtiva etmir", - hesabatda deyilir.
Mətbuat xidmətindən bildiriblər ki, ötən il aparılan monitorinqlər çərçivəsində çöl və ev quşlarından, donuzlardan 15 mindən çox biomaterial nümunəsi yoxlanılıb. Bundan əlavə, işinin xarakterinə görə vəhşi və ya ev quşları ilə təmasda olan insanlardan alınan 7,8 min material nümunəsi üzərində araşdırma aparılıb. Nəticədə virulentliyi artıra və virusun məməlilərin hüceyrələrinə uyğunlaşmasını təmin edə bilən mutasiya müəyyən edilib.
Rospotrebnadzor həmçinin inək saxlayan heyvandarlıq təsərrüfatlarında quş qripi vəziyyətinin əlavə monitorinqini tətbiq edib. Tənzimləyici qurum qeyd edib ki, bu cür tədbirlər ABŞ-da südçülük fermalarında quş qripi A (H5N1) xəstəliyinin xeyli sayda yayılması səbəbindən həyata keçirilib.