AZ

Zaqatalada “44 gün – Tarixi zəfər” adlı kitabın cildlərinin təqdimatıKEÇİRİLDİ

Fevralın 20-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün hazırlanan “44 gün – Tarixi zəfər” adlı kitabın I, II və III cildlərinin təqdimatı keçirilib.

Redaktor.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Zaqatala Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov kitabın şəhidlərin xatirələrinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, şanlı Azərbaycan Ordusunun böyük Zəfəri ilə başa çatan Vətən müharibəsində Zaqatala rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər.

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova kitab haqqında, həmçinin qurumun indiyədək gördüyü işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, kitabın I cildində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. Kitabın I, II və III cildlərində ümumilikdə 2700-dək şəhid haqqında ensiklopedik məlumat yer alıb.

Vurğulanıb ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu missiyanı öz üzərinə götürərək, Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız, şücaət göstərmiş şəxslər haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edib.

Diqqətə çatdırılıb ki, Respublika Xatirə Kitabının indiyədək 20-yə yaxın cildi çap olunub. Respublika Xatirə Kitabı Redaksiyası 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın işçi qrupu ilə birgə torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərini araşdırıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb.

Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci, 2-ci və 3-cü cildi işıq üzü görüb, 4-cü cild üzərində iş aparılır. Redaksiyanın hazırladığı “Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi” kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Burada faşizm üzərində qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb.

Bildirilib ki, Respublika Xatirə Kitabı Redaksiyası, həmçinin “Bakı Xəbər” qəzeti ilə birgə layihə əsasında Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri Nəzakət Məmmədovadır.

Sonra söz şəhid ailələrinə verilib. Şəhid ailələrinin üzvləri çıxışlarında redaksiyanın rəhbərliyinə və kollektivinə belə bir kitabın nəşrinə görə öz təşəkkürlərini bildiriblər.

Sonda şəhid ailələrinə Xatirə Kitabı Redaksiyasının nəşr etdiyi “44 gün - Tarixi zəfər” kitabı təqdim olunub.

2222222
Seçilən
9
1
redaktor.az

2Mənbələr