AZ

Məhkəmədə erməniəsilli şəxslərə VAXT VERİLDİ

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi fevralın 20-də davam etdirilib.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər - Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmə iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə onlara qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, onlara istinad olunan əməllərin hüquqi tövsifini, həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı və təqsirləndirilən şəxslərin malik olduqları hüquqları izah edib, habelə özlərini tam və ya qismən təqsirli, yaxud təqsirsiz bilib-bilməmələrinə dair suallar ünvanlayıb.

Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş keçirmək istədiyini bildirib. Məhkəmə vəsatəti təmin edərək konfidensial görüş üçün şərait yaradıb.

Təqsirləndirilən şəxslərin heç biri onlara elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini qeyd edib.

Təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan bir qədər geniş danışaraq baş vermiş cinayət hadisələri ilə bağlı təəssüf hissi keçirdiyini bildirib. O deyib: "Mən prokurorluq tərəfindən təqdim edilmiş ittihamlarla tanış olmuşam. Son 34 il ərzində Qarabağda hansı proseslərin baş verməsindən xəbərdaram. Təəssüf edirəm. Münaqişə Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edilib. Ona görə də biz özümüzü qurban hesab edirik”.

Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə istintaqında sübutların tədqiq edilmə ardıcıllığına dair ittiham tərəfinin təklifini səsləndirib.

Digər proses iştirakçıları, o cümlədən təqsirləndirilən şəxslər və onların müdafiəçiləri ittiham tərəfinin təklifini dəstəkləyiblər.

Ətraflı

Məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib.

Bundan sonra təqsirləndirilən şəxslərə məhkəmə tərəfindən müəyyən edilmiş ardıcıllıqla sərbəst ifadə vermək təklif olunub. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəməyə müraciət edərək ifadə vermək üçün hazırlaşmaq və onlara təqdim olunmuş cinayət işi materiallarını yenidən nəzərdən keçirmək üçün əlavə vaxt istəyiblər.

Məhkəmə onların xahişini təmin edərək iclası təxirə salıb.

Seçilən
8
1
publika.az

10Mənbələr