"Li Auto" şirkəti Azərbaycandakı fəaliyyəti ilə bağlı rəsmi açıqlama verərək bildirib ki, hazırda heç bir rəsmi müqavilə imzalanmayıb və bu məsələnin yalnız 2026-cı ildə nəzərdən keçiriləcəyi planlaşdırılır.
Bu barədə Marja.az-a "NEO Motors" şirkətindən bildirilib.
Qeyd edilib ki, "Li Auto" bir neçə yerli şirkətlə əməkdaşlıq imkanlarını dəyərləndirir, bunlar arasında "NEO Motors" aparıcı mövqedədir və eyni zamanda iki-üç potensial tərəfdaşla əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.
Rəsmi diler statusunun olmamasına baxmayaraq, "Li Auto" bazarı öyrənməyə davam edir və fevral ayının sonunda şirkət nümayəndələrinin "NEO Motors" ofisinə səfəri planlaşdırılır. Görüşlərin gedişatı və prosesin inkişafı ilə bağlı şirkət KİV-i operativ şəkildə məlumatlandıracaq.
Son bir il ərzində "NEO Motors" öz mövqeyini möhkəmləndirərək Azərbaycanda "Li Auto" avtomobillərinin satışında 20%-lik bazar payına sahib olub. Şirkət bu müddət ərzində "Li Auto" avtomobillərinin satışı və servisi sahəsində geniş təcrübə toplayaraq müştərilərə keyfiyyətli xidmət və zəmanət dəstəyi təqdim edir.
Bu məlumat "NEO Motors" və "Li Auto" nümayəndələri arasında baş tutan rəsmi telefon danışığı əsasında təqdim olunur.