1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qarabağdakı tarixin zibilliyinə atılan qondarma rejimin birinci quldurbaşı, Ermənistanın isə ikinci prezidenti Robert Koçaryan böyük fasilədən sonra yenidən aktivləşib. Nikol Paşinyanın 2018-ci ildə hakimiyyəti ələ alması ilə dalana dirədiyi Koçaryan İrəvanda geniş mətbuat konfransı keçirərək ölkənin baş nazirini və Qərbi təhdid edib, Rusiyanı isə tərifləyib. Nəzərə alsaq ki, keçmiş "Qarabağ klanı" Ermənistanı Rusiyanın diktəsi ilə idarə edib, Moskva isə Ukrayna böhranı fonunda Trampın hakimiyyətə gəlməsindən sonra ilk dəfədir ki, nəfəs almağa çalışır, deməli, Koçaryangilin həvəslənməsi təəccüb doğurmur.
Fevralın 19-da ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşü baş tutdu. Dünya siyasətində perspektivləri müəyyənləşdirməyin və dağıdıcı-birləşdirici proseslərin başlanğıcı ola biləcək görüşdə Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, Yaxın Şərq və bir sıra digər coğrafiyalarda baş verənlər, eləcə də iqtisadi məsələlər və s. müzakirə edildi. Tərəflər yaxın müddətdə növbəti görüş üçün razılığa da gəldilər. Geosiyasi qarşıdurmalar fonunda iki supergücün son dövrdə ilk dəfə olaraq bu qədər real təmas qurması hazırda Rusiya və ABŞ arasında nüfuz dairələrinin bölüşdürülməsi prosesini gündəmə gətirir. Yəni Rusiyanın yenidən özünə gəlməsi ilə Ermənistandakı köhnə rejim yenidən hücuma keçmək istəyir. Əks halda, Koçaryan kimi uzun müddət susan separatçı rejimin oyuncaq başçısı Samvel Şahramanyan da yenidən çərənləməzdi. Yoxsa Koçaryanın yenidən hakimiyyətə gəlmək istəyi ilə bağlı mesajları fonunda Şahramanyan qondarma rejimin "parlamenti"nin səlahiyyətlərinin uzadılması haqqında niyə tez-bazar "fərman" imzalayıb?
Hərbi cinayətkarların yenidən həvəslənməsinin mahiyyətində nə dayanır?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, əgər hansısa ölkə ilə münasibətlərimiz yaxşılaşırsa, hesab edirik ki, artıq həmin ölkə siyasətini dəyişir, lakin əslində, bu belə deyil, çünki hər ölkənin öz dövlətçilik maraqlarına uyğun siyasəti var:
- Rusiya Qafqaz regionunda olan ölkələrlə heç vaxt bərabərhüquqlu əməkdaşlıq xətti götürməyib. Moskva hesab edir ki, Ermənistan da, Azərbaycan da, Gürcüstan da, Orta Asiyadakı türk dövlətləri də onun nəzarətində olmalıdır. Lakin müəyyən bir dövr ərzində hadisələr elə gətirdi ki, Rusiya geri çəkilməli oldu və bu, belə qələmə verildi ki, artıq Rusiya siyasətini dəyişməyə başlayıb, lakin Moskva, sadəcə, taktiki addımlarını müəyyən qədər dəyişmişdi.
ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra Vaşinqton ilə Moskva münasibətlərini tənzimləməyə başlayıblar. Əvvəldən də deyirdik ki, Rusiya-Ukrayna müharibəsində açar Amerika Birləşmiş Ştatlarının əlindədir. Nə zaman ABŞ-nin maraqlarını Rusiya təmin etsə, onda da Ukraynanı sülh müqaviləsini imzalamağa məcbur edəcək. Çünki Kiyevi bu müharibəyə sürükləyən də elə Vaşinqton başda olmaqla Qərb, zərərçəkən isə Ukrayna xalqı və dövləti oldu.
İndiki halda da Rusiya təzyiqlərdən uzaqlaşır, ona görə də ənənəvi siyasətini işə salır. Bunun üçün də Ermənistandakı Koçaryan, Sarqsyan kimi əlaltıları kölgədən çıxırlar. Baxmayaraq ki, Ermənistan cəmiyyətində Koçaryan və Sarqsyanın elə də böyük nüfuzları yoxdur. Çünki onlar hakimiyyətdə olduqları dövrlərdə erməni xalqına nə qədər ziyan vurublar, korrupsiya geniş vüsət alıb, özbaşınalıq ayaq açıb yeriyib, Ermənistan xalqına məxsus olan sərvəti dədə malı kimi parçalayıblar və buna görə də erməni xalqı sonda Paşinyanı hakimiyyətə gətirdi. Rusiyaya da sərf etdiyi üçün hər fürsətdə Koçaryan-Sarqsyan duetindən istifadə etməyə çalışır. Əgər Paşinyan addımlarını korrektə edib Rusiyanın təbəəsi olacaqsa, Moskva Paşinyanla işləməyə davam edəcək.
- Paralel olaraq Qarabağdakı hərbi cinayətkarların da aktivləşməsinin bu proseslə əlaqəsi var?
- Samvel Şahramanyan bütün vasitələrlə tarixi geri çəkməyə çalışır və gündəmi dəyişmək istəyir. Bu, həm ənənəvi erməni siyasəti, həm də Azərbaycana təzyiq vasitəsidir. Yəni Koçaryan və Sarqsyanın fəallaşması ilə paralel olaraq Şahramanyanın da aktivləşməsi təsadüfi deyil. Bunu həm də Rusiyanın müəyyən dairələrinin maraqlarına uyğun atılan addımlar kimi də qiymətləndirmək lazımdır.
- Nəzərə alsaq ki, bu nüans həm də Ermənistan hakimiyyəti üçün təhdiddir, belə olan təqdirdə Paşinyan hökuməti bununla bağlı hansısa tədbir görə bilərmi?
- İkinci Qarabağ müharibəsi və Ermənistanın kapitulyasiya aktına imza atmasının üzərindən artıq dörd ildən çox vaxt keçməsinə baxmayaraq, Paşinyan sülh müqaviləsinə hələ hazır olmadığını göstərir. O, sadəcə olaraq, zaman qazanmaq, siyasi rəqiblərini sıradan çıxarmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq siyasəti həyata keçirir. Yəni indiki halda da Paşinyan bütün vasitələrlə Koçaryanı, Sarqsyanı, onsuz da, küncə sıxışdırıb, Ermənistan cəmiyyətində də onların nüfuzu qalmayıb. Qarabağdan gedən ermənilərə müavinət verərək, onları da təsiri atına alıb, yəni bütün mümkün vasitələrlə rəqiblərini zərərsizləşdirib.
- O zaman bu prosesin nəticəsini necə proqnozlaşdırmaq olar?
- Hadisələrin gedişatı bir çox amillərdən asılıdır. Sadəcə, biz bu günə qədər tutduğumuz strateji xətti davam etdirməliyik. Bu fəaliyyət müstəqil siyasət yürütmək və qardaş Türkiyə ilə birlikdə türk dünyasının inkişafı üçün çalışmağa davam etməkdir. Çünki bütün hallarda qlobal güc olmaq iddiasında olan Türkiyədir. Belə olan halda proseslər də Azərbaycanın xeyrinə cərəyan edəcək. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev bu gün Türkiyə Böyük Millət Məclisinin Müdafiə Komissiyasının sədri, sabiq müdafiə naziri Hulusi Akarı qəbul edib. Bu da çox yaxşı haldır. Çünki çoxlu qüvvələr var ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri pozmağa çalışırlar, lakin bu cəhdlərin heç biri baş tutmayacaq. Amma bütün hallarda ehtiyatı əldən vermək olmaz. Çünki Azərbaycana 44 günlük Vətən müharibəsindən əvvəl də, sonra da ciddi təzyiqlər olub. Düzdür, biz bu mərhələləri keçə bilmişik, amma yenə də proseslərə uyğun davranmaq lazımdır. Ən əsası isə ölkə daxilində sabitlik olmalı, strateji xəttimizə uyğun hərəkət etməli və Zəngəzur dəhlizinin açılması, eləcə də işğal altında qalmış kəndlərimizin geri qaytarılması ilə bağlı əməli təbirlər görməliyik.
Mərahim Nəsib