ABŞ prezidenti Donald Tramp müstəqil ABŞ Poçt xidmətinə də nəzarət etməyi planlaşdırır. “The Washington Post”a (WP) adının çəkilməsini istəməyən mənbələr Trampın 250 illik ABŞ Poçt xidmətini bir sərəncamla Ticarət Departamentinə birləşdirəcəyini bildirib.
Bu çərçivədə, Poçt xidmətinin idarə heyəti üzvlərinin işdən çıxarılacağı və bölmənin ticarət naziri Hovard Lütnikin nəzarətinə keçəcəyi bildirilir.
Digər tərəfdən, idarə heyətinin kənar hüquq məsləhət firması ilə müqavilə bağladığı və Trampı məhkəməyə verməyə hazırlaşdığı bildirilir. Bildirilir ki, Poçt xidmətinin direktorlar şurası dünən fövqəladə iclas keçirərək, mümkün ssenariləri dəyərləndirib.
Mənbələr idarə heyətinin iki respublikaçısının iclasa qatılmadığını bildirir. Onlardan biri Trampın ilk dövründə İdarəetmə və Büdcə Ofisinin direktor müavini olmuş Derek Kandır. Digəri isə Respublikaçılar Milli Komitəsinin keçmiş direktoru Mayk Dunkandır.
“WP”yə müsahibə verən ekspertlər Trampın bu addımının federal qanunları pozacağını qeyd edirlər. Hüquqşünaslar müstəqil Poçt xidmətinin qanuni olaraq fərmanlardan azad olduğunu deyirlər.
Digər tərəfdən, Ağ Evdən olan bir nümayəndə Trampın belə bir sərəncam imzalamağı planlaşdırmadığını iddia edir. “WP” xəbər verir ki, Poçt xidməti şərh tələblərinə cavab verməyib.
1775-ci ildə qurulan Poçt xidməti 1970-ci ilə qədər Ağ Evə bağlı idi. ABŞ prezidentləri müttəfiqlərini və ya seçki kampaniyası liderlərini bölmənin baş direktorları təyin edirdilər.
Lakin 1970-ci ildə poçt işçilərinin tətilindən sonra qüvvəyə minən qanuna əsasən, Poçt xidməti müstəqil təşkilata çevrildi. Poçt xidmətində təxminən 600.000 işçi çalışır.