
Ağdərə rayonu Sırxavənd kəndinə yaxın olan Xocalı rayonunun Ulubab adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.
Reyting.az "Report"-a istiandla xəbər verir ki, hadisə nəticəsində yaxınlarının şəhid olduqları ərazini ziyarət etməyə gedən Qarabağ müharibəsinin iştirakçısı Nağı İmanov xəsarət alıb.
Xəsarət alan N.İmanova hadisə yerində ilkin tibbi yardım göstərilib və hazırda xəstəxanaya aparılır.
***
İşğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.
Reyting.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Ağdam rayon sakini 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.
Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
Qeyd edək ki, əslən Ağdərə rayonunun Sırxavənd kəndindən olan N. İmanov silahlı qüvvələrin ehtiyata buraxılmış giziridir.
Bundan başqa, N. İmanov Qarabağ müharibəsindəki iştirakına görə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilib. Qarabağ müharibəsinin ilk illərində isə ermənilər onun atasını və qardaşını faciəvi şəkildə qətlə yetiriblər.
***
İşğaldan azad edilmiş ərazilərdə mina partlayışı nəticəsində xəsarət alan Nağı İmanovun sağ ayağı topuq hissəsindən amputasiya olunub.
Xəstəxanadan verilən məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.