AZ

“Ciddi itkiylə üzləşdik” – “Şamaxı” rəsmisi Pusinin ayrılığı haqda sualları cavabladı

Belə-belə işlər... Pusi də getdi!

Bəli-bəli, autsayderlər sırasında – 21 xalla 8-ci pillədə qərarlaşan, sonuncu yerdəki “Səbail”dən cəmi 4 xal öndə olan “Şamaxı” aparıcı və məhsuldar oyunçusunu, meydana çıxdığı 21 matçda 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalan Belajdini Rusiyanın premyer-liqa təmsilçisi “Fakel”ə satdı. “Şirlər” Voronej təmsilçisindən 130 min dollar alıb. Amma təbii ki, bu gün aktual məsələ klubun qazancı yox, premyer-liqada qalmaq hədəfinə çata bilib-bilməyəcəyidi. Belədə şamaxılı tərəfdarlar narahat olmasın, nə etsin?

Biz də elə həmin azarkeşlərin qəlbini saran qorxunu nəzərə alıb, bu məsələylə bağlı ətraflı məlumat əldə etməyə çalışdıq. Klubun idman direktoru Kamran İsmayılovun “Football-plus.az”a cavabı:

“Bilindiyi kimi, Pusinin bizimlə müqaviləsi cari mövsümün sonunda başa çatacaqdı. Bəlkə də həmin anda azad agent statusuyla komandadan ayrılacaqdı. Klub strukturunda işlər fərqli qurulur. Bir çox məqamı nəzərə almalı oluruq. Futbolçunun ayrılmaqda israr etməyi nəyisə dəyişə bilməz. Ona görə ki, Pusinin bizimlə davam edən müqaviləsi var idi. Deməli, ayrılıq qarşılıqlı razılıq əsasında baş tutub. Belə situasiya həm klub, həm də futbolçu üçün müsbət haldı. Bəli, Pusi vacib oyunçularımızdan biri idi. Mövzuya məhz bu baxımdan yanaşsaq, ciddi itkiylə üzləşdik. Lakin klub səviyyəsindəki məsələlər fərqli baxış bucağı tələb edir. Biz bir çox məsələni götür-qoy edəndən sonra yekun qərar verdik”.

Bəs, “Şamaxı” Belajdinin yerini doldurmaq üçün hansısa addım atacaqmı? Kamran bəyin cavabı:

“İndiki durumda yeni futbolçu almaq niyyətimiz yoxdu. Bəlkə müəyyən vaxtdan sonra qərarımız dəyişə bilər”.

Maraq üçün qeyd edək ki, klub rəsmisi futbolçunun satışından əldə olunan məbləğlə bağlı açıqlama vermək istəmədi.

KƏNAN BAHADIR
Seçilən
8
football-plus.az

1Mənbələr