AZ

Azad olunmuş ərazilərdə görülən genişmiqyaslı işlər Azərbaycanın əzminin, güclü iqtisadiyyata malik olmasının əyani sübutudur – RƏY

Bakı, 22 fevral, AZƏRTAC

Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində Prezident İlham Əliyevin Xocalıya səfəri, rayonun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı sakinlərlə görüşündə bildirdi ki, “Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi”. Soyqırımına məruz qalmış Xocalıya artıq həyat qayıdıb. İnsanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib, kənddə 137 ev bərpa edilib və 60-a yaxın ev isə bərpa olunacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası dövlətimizin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir. Böyük Qayıdış Proqramına uyğun olaraq, keçmiş köçkünlərin doğma torpaqlarına qayıdışı hər ay təmin edilir. Ötən qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda çox mühüm işlər görülüb, layihələr həyata keçirilib. Bunun nəticəsidir ki, öz yurdlarına qayıdan insanların rahat yaşamaları üçün bütün müasir infrastruktur təmin edilib, eyni zamanda, məşğulluq məsələsi həll olunur, iş yerləri açılır. Bu nəhəng işlərin öhdəsindən isə Azərbaycan öz imkanları hesabına gəlir. Bütün bunlar dövlətimizin iradəsini, əzmini, güclü iqtisadiyyata malik olmasının əyani sübutudur.

“Ermənistanın xarabalığa çevirdiyi şəhər, kənd və qəsəbələrimizdə bu gün möhtəşəm yaşayış binaları, bir sıra obyektlər tikilir, parklar salınır, yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Ona görə də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam, Əsgəran rayonlarına və Xankəndi şəhərinə növbəti səfəri bu baxımdan önəmlidir. Görülən işlər onu sübut edir ki, bir zamanlar “Qafqazın Xirosiması”, “Kabus şəhər” adlandırılan Ağdam yenidən dirçəlir və çiçəklənir. Əminəm ki, bir neçə ildən sonra Ağdam öz gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək”, - deyə o bildirib.

Dövlət tərəfindən Azərbaycanın milli-mədəni irsinin qorunub saxlanmasına da xüsusi diqqət və qayğının göstərildiyini vurğulayan deputat qeyd edib: “İşğal dövründə Ermənistan tərəfindən dağıdılan, məhv edilən tarixi və dini abidələrimiz hazırda təmir-bərpa olunur, yenidən qurulur. Bu işlərə xüsusən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də mühüm töhfə verilir. Belə ki, Fond tərəfindən Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Vaqifin büstü, Mehmandarovların malikanə kompleksi təmir olunub, Zəngilan məscidi tikilib, Ağdam Cümə məscidi isə bərpa edilib. Bu baxımdan, Əsgəran qala-kompleksinin bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir.

Əminik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”.

Seçilən
8
4
azertag.az

10Mənbələr